Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Vətəndaş A"nın ulduzu: "Kənddə qəfil əcəllə ölənlərə ayrıca qəbiristanlıq salıblar"
"Vətəndaş A" çoxseriyalı filminin ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesinin motivləri əsasında yazılıb. Necə ki 1930-cu ildə şəhərdən ucqar kəndə gəlmiş bir müəllimə yalnız dərs demir, cahilliklə də mübarizə aparır, bugünkü serialın qəhrəmanı "Almaz" da kənd həyatında bütün təzyiqlərə baxmayaraq, mühafizəkarlıqla döyüşür. Yeri gəlir, döyülür, təhqirlərə məruz qalır, lakin öz əqidəsindən bir an belə geri dönmür. Bu düşüncə tərzini dəyişmək üçün, necə deyərlər, özünü fəda edir.
Oxu.Az "Vətəndaş A" çoxseriyalı filmində "Almaz" personajını canlandıran Günəş Mehdizadə ilə həmsöhbət olub.
- Müsahibələrinizin birində tarixi filmlə səhnəyə gəlməyin sizin üzərinizdə məsuliyyət yaratdığını və buna görə də gələn təklifləri analiz etdikdən sonra qərar verdiyinizi demişdiniz. Filmlərdən təklif gələndə nəyə diqqət edirsiniz?
- Bəli, ilk rolum - tarixi filmdə "Ağabəyim Ağa"nı oynamağım mənim üzərimə bir məsuliyyət qoyub. Film təklifləri alanda da bayağı, xaraktersiz, "nə ət, nə balıq" personajları canlandırmıram. Baxıram ki, burada Günəşin olması vacib deyil, başqa adamla da işləmək olar. Təbii ki, bizim qazanc yerimiz və işlədiyimiz sahə bu olduğuna görə kommersiya təklifli filmlər olanda, əgər personaj "boş"dursa, rejissorla bir yerdə ona dolğun forma vermək mümkün olduqda onu canlandırıram.
- Necə oldu ki, "Almaz" obrazını canlandırmaq qərarına gəldiniz? Sizi bu obrazı canlandırmağa nə vadar etdi?
- Ssenarini oxuyanda onun necə güclü xarakterə malik olduğunu gördüm. Özümə də bu obraz çox maraqlı gəldi. Onu canlandırmaqda özümdə də işartılar gördüm. Sevə-sevə oynadım.
- Kənddə film çəkilişinin çətin tərəfləri nələrdir? Hansı çətinliklərlə qarşılaşdınız?
- Bayan çox ucqar kənddir. Gediş-gəliş yolları çətindir. Elə ev var idi ki, oraya heç texnika qalxmırdı. Heyət texnikanı əlləri ilə qaldırırdı. Şəraitsiz və su problemləri olan bir kənddir. Yayın istisində çəkilişlər etdiyimizə görə şərait baxımından çətinliklər yaşayırdıq.
Bilirsiniz, kino zəncirvari sənətdir. Mən bunu həmişə deyirəm. Kinonun istedadlı rejissoru Elvin Rüstəmzadə çətinlik yarananda, səhnədə, personajda aydın olmayan nəsə olanda dərhal izahını verə, yönləndirə bilir. Ssenari də çox güclüdür. Elə yaxşı yazılıb ki, demək olar ki, insana qaranlıq qalan nəsə yoxdur. Ona görə də elə də böyük çətinliklə qarşılaşmamışam.
- "Almaz" mühafizəkar, əzmkar, mübarizə aparan bir obrazdır. Bəs "Almaz"ın Günəşlə oxşar xarakterləri varmı?
- "Almaz"ın Günəşlə oxşarlıqları çoxdur. Günəş də içində üsyankar, haqqın, ədalətin tərəfdarıdır. Haqsızlıqla əlaqədar gözünün önündə nəsə olduğunu görərsə, dərhal ona fikir bildirər. Tək fərq ondan ibarətdir ki, "Almaz" yalnızdır. O düşünür ki, itirəcəyi kimsə yoxdur, bir tək canı var. Nə olsa, canına olacaq. Ona görə özünü ortaya atıb, kəndi cahillikdən qurtarmağa çalışır. Hətta tək qadınlar üçün yox, orada olmaq kişilər üçün də çətindir. "Almaz"ın sözü var ki, "bu qanunlardan təkcə qadınlar yox, kişilər də əziyyət çəkirlər". "Almaz"ın etdiyi bəzi şeyləri Günəş etməzdi. O cür mühafizəkar cəmiyyətə qarşı çıxıb nəyisə dəyişməyə çalışmazdı. Çünki Günəşin itirəcəkləri var, "Almaz"ın isə yoxdur.
- Siz necə düşünürsünüz, günümüzün müəllimləri "Almaz"ın yaşadığı çətinliklərə tab gətirərlərmi?
- Bu gün sosial şəbəkələrin daha aktiv dönəmidir. Hazırda vəziyyət müəllimlər üçün daha çətindir. İpə-sapa yatmayan şagirdlərlə mübarizə aparmaq asan deyil. Bu yolda mən müəllimlərə böyük səbir arzulayıram.
- Günəş "Almaz"ın qarşılaşdığı vəziyyətlə üz-üzə qalsa, nə edər?
- Əslində, bu, çox çətin sualdır. Günəş də iddialı olduğu üçün çətin ki, geriyə addım atardı.
- Hazırda gözdən uzaq olan müxtəlif regionlarda bənzər hadisələrin yaşandığını görmək mümkündür.
- Bəli, filmdə yer alan hadisələr hələ də yaşanır, hətta daha betərlərinə də rast gəlmək mümkündür.
- "Vətəndaş A"nın çəkilişləri zamanı unutmadığınız, yaddaqalan ən maraqlı an nə olub?
- Filmin çəkildiyi Bayan kəndi təsadüfən seçilib. Düşünürəm ki, buna baxmayaraq, filmlə səsləşir. Bayan kəndi çox maraqlı yerdir. Kənddə iki qəbiristanın olması mənə çox maraqlı gəlmişdi. Biz çəkiliş məkanı üçün qəbiristan axtaranda yerini soruşduq. Dedilər ki, iki qəbiristan var. Balaca kəndin iki məzarlığının olması bizi təəccübləndirmişdi. İnsanlardan soruşanda dedilər ki, biri qəfil əcəllə ölənlərin dəfn edildiyi yerdir, digəri isə uzun ömür yaşayıb, rahat ölənlərin. Həmin kənddə, həmçinin, iki alban kilsəsi vardı. Biri təxminən IV əsrə, digəri VIII-XII əsrə aid idi. Kənd camaatı onlara "alman kilsəsi" deyirdi. Kilsəni belə adlandırmaları məni çox təəccübləndirmişdi. Burada yaşaya-yaşaya yenə də "alman kilsəsi" deyirdilər. Mən "alban" deyəndə təkid edirdilər ki, yox, "almandır". Çünki Daşkəsənin əvvəldən qızıl yataqları var. İkinci Dünya müharibəsində həmin əraziyə işləmək üçün sürgün edilmiş alman əsirlərin tikdikləri binaların orada olmasına görə sakinlər həmin kilsələrə "alman kilsələri" deyirdilər.
Orada bir evə girmişdik, çox sayda kitab var idi. Mənə maraqlı gəldi ki, burada yaşayan kimdir ki, bu qədər kitabı var? Çünki hamısına şamil etməsək də, həmin kənddə çox insan savadsızdır. Bütün problemlərin özəyi də məhz buradan başlayır.
- Hansısa bir səhnəni canlandırmaqda çətinlik yaşamısınızmı?
- Başqa film olsa idi, bəlkə də, cavab verə bilərdim. Amma burada rejissor bütün aktyorlarla tək-tək işləyirdi. Meydanda aktyor olmayan kimsə yox idi. Yəni gördüyünüz bütün personajlar aktyorlar idi. Professional və ya yeni başlayan - fərq etməz. Hər biri bu peşəni seçən şəxslər idi. Peşə sahibi insanlarla tərəf-müqabil olmaq insana zövq verir. Ona görə də böyük bir çətinlik yaratmır. Tam əksidir deyərdim.
- "Almaz"da bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər nələrdir?
- "Almaz" personajını çox sevdim, mənə yaxındır. Mən bu obrazı özümdən çıxış edərək oynamışam. İnsan öz mənfi xüsusiyyətlərini kənardan görüb deyə bilmir, kimsə gərək desin. Mən də mənfilərimi görmürəm. İndi "Almaz" kimi danışdım. (gülür)
"Almaz"ın mənfi xüsusiyyəti, bəlkə də, hər işə qarışıb, hamıya yetişmək istəməsidir. Hər yerdə nələrsə etməyə çalışır. Hətta özünün ziyanına olsa belə... Çünki "Almaz" orada döyülür, qınaqlarla qarşılaşır. Bəlkə də, "Almaz", heç olmasa, özünü də düşünməli idi...
Aygün Mirakif
Rəylər