Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 160 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri ərazidə aparılan tikinti işlərindən narazılıq edirlər.
Onların sözlərinə görə, hasarlanmış sahədə gecə saatlarında görülən işlər sakinlərin rahatlığını pozur.
"Səhər işləsinlər, gecə saat 12-dən sonra işləmək düzgün deyil. Gecə vaxtı səs-küy salmaq, insanları narahat etmək olmaz. Axşam saat 7-dən gecə 12-yə kimi camaat dincəlir. İşdən yorğun gələn var, xəstə olan var. Gecədən səhərə qədər elə bil adamın başına çəkiclə vururlar", - deyə sakinlərdən biri narazılığını bildirib.
Məsələ ilə bağlı ərazidə tikinti işləri aparan "Solid Construction" şirkətindən bildirilib ki, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların müvafiq icazəverici sənədləri əsasında gündüz saatlarında həyata keçirilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, iritutumlu nəqliyyat vasitələrinin gündüz vaxtı şəhər ərazisinə daxil olmasına icazə verilmədiyi üçün bəzi zəruri hallarda daşınma işləri gecə saatlarında aparılır.