Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tikintisinə 21 milyon manat ayrılan yol Allahın ümidinə qalıb?
İsmayıllı rayonunun sakinlərindən redaksiyamıza şikayət daxil olub.
Oxu.Az-a müraciət edən vətəndaşlar qeyd edirlər ki, rayonun yolları bərbad vəziyyətdə olduğundan gediş-gəlişdə xeyli əziyyət çəkirlər.
Xüsusilə soyuq, qarlı havalarda problem daha da qabarır.
Sakinlərin sözlərinə görə, yol maşınları əvvəllər sərnişini mənzilbaşına 10 manata çatdırırdılarsa, indi 20 manat tələb edirlər. Onlar güman edirlər ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması bir neçə il çəkəcək.
Bəs görəsən, sözügedən avtomobil yolunun təmiri nə vaxt başa çatacaq və işlərin icrası niyə gecikir?
İsmayıllı Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobli yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi əsasında həyata keçirilir:
"Həmin yolda tikinti işlərinin mərhələli həllinin təşkili, iş qrafikinin müəyyən edilməsi və layihənin icrası ilə bağlı son müddətin təyin olunması İsmayıllı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir".
Oxu.Az məsələ ilə bağlı məlumat almaq üçün AAYDA-ya sorğu ünvanlasa da, sualımız cavabsız qalıb.
Gəlin tarixə nəzər yetirək. Muğanlı-İsmayıllı-Qəbələ yolunun layihəsi 2020-ci il iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı ölkə başçısı İlham Əliyevə təqdim olunub. Yolun tikintisi üçün Prezidentin müvafiq sərəncamı ilə 21,8 milyon manat ayrılıb.
Bu yol paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
2023-cü il aprelin 27-də AAYDA-nın Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov bildirmişdi ki, işlərin 31 faizi tamamlanıb, yolun yenidən qurulmasının 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Sualı yenidən təkrarlayaq: Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlər real müstəvidə nə vaxt yekunlaşacaq? Təəssüf ki, bu sualın cavabını hələ ki heç kim bilmir. Yaxud da bilən adamlar danışmaq istəmirlər...
Məhərrəm Əliyev
"Yol problemi" teqi üzrə xəbərlər
- Lerikdə qar uçqunu nəticəsində 20-yə yaxın kəndin yolu kəsilib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Tovuzda qəzalı vəziyyətdə olan körpünün aqibəti NECƏ OLACAQ? - Bələdiyyə sədrindən AÇIQLAMA
- Tbilisi prospektində problem bitmək bilmir: Bu zolaq nəyə xidmət edir?
- Naxçıvanda sakinlərin gününü qara edən problem: "Yay-qış bu zülmlə yaşayırıq"