Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum oldu.
Oxu.Az-ın verdiyi xəbərə görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, bu gün saat 16.00 radələrində təxminən 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb.
Saat 16.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.
17:09
Bu gün Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əlibəyli kənd sakinləri məlumat veriblər.
Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb. Onun hərbçi, yaxud mülki vətəndaş olması bilinmir.
Kənd İcra nümayəndəsi Valeh Rzayev faktı təsdiqləsə də, ətraflı məlumat verməyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.
MN-dən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.