Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunana görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcək.
Həmin imtahanlara hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.
Həmçinin, TQDK rayon (şəhər) təhsil şöbələri rəhbərləri, məktəb direktorları və valideynlərə də müraciət edib. Müraciətdə vurğulanıb ki, özündən asılı olmayan səbəblərə görə indiyədək şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə ala bilməyən, yaxud şəxsiyyəti təsdiq edən sənədi şəkilsiz olan cari il məzunları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsini (əgər daxil edilməyibsə) və təqdim edilən vahid formalı arayışın bu məzunlara verilməsini təmin etsinlər. Əks halda həmin şagirdlər buraxılış imtahanına buraxılmayacaq.