Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Sənədə əsasən, Azərbaycanda turizmin inkişafına dair bir neçə istiqamət müəyyənləşib.
Qeyd olunur ki, turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması, yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf etdiriləcək. Bundan başqa, həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq. Sənədə əsasən, Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək.
Bunlar Azərbaycanda turizmin inkişafına hansı müddətə və nə kimi yeni töhfələr verəcək?
Məsələ ilə bağlı Oxu.Az-a danışan turizm eksperti Cabir Dövlətzadə qeyd edib ki, bu proqram turizmin inkişafına kömək olacaq.
O əlavə edib ki, Azərbaycanda turizmin dayanıqlı vəziyyətə, qlobal və beynəlxalq rəqabətə davam gətirməsi üçün ciddi tədbirlərin həyata keçirilməsi vacibdir:

"Bunların başında ölkəyə gələn turistlərin vizasının asanlaşdırılması durur. Ya birtərəfli, ya da qarşılıqlı şəkildə vizaların ləğvinin artırılması lazımdır. Digər tərəfdən aşağı büdcəli reyslərin daha çox inkişaf etdirilməsi vacibdir. Belə reyslər inkişaf etdirildikdə, bu, rəqabətə davamlı vəziyyət yaradacaq və qiymətlərin düşməsinə gətirib çıxaracaq. Nəzərə alaq ki, ölkəyə gəliş sadəcə hava yolları vasitəsilədir. Hava yollarından istifadə edən biznes və turistik məqsədlə gələn turistlər heç də az məbləğdə pul ödəmirlər. Bu da aşağı büdcəli turistlərin ölkəyə gəlməsinin qarşısını alır və regionda digər ölkələrə getməyə səbəb olur. Onun üçün də mütləq aşağı büdcəli reyslərin artırılması və ya sabit reyslərdə ölkəyə turist gətirən şirkətlərə əlavə subsidiyaların verilməsi əsasdır. Sənəddə ölkəyə qrup halında turist gətirən turizm şirkətlərinə subsidiyaların verilməsi nəzərdə tutulur ki, bu da irəlidəki vaxtlarda həmin turist şirkətlərinin maraqlarına xidmət edəcək və ölkəyə gələn turistlərin müəyyən dərəcədə inkişafına səbəb olacaq".
Ekspertin sözlərinə görə, ölkənin quru sərhədləri bağlıdır və qonşu ölkələrdən ölkəyə gəlmək istəyən aşağı büdcəli turistlər Azərbaycana səfər edə bilmirlər:
"Bu da turizmin inkişafına ciddi əngəl törədir. Quru sərhədlər açıldıqda daxilolmalar həm avtomobil yolları, həm də avtobuslar vasitəsilə artar. Bu da təyyarədən istifadə edə bilməyən turistlərin daha aşağı büdcə ilə ölkəyə səfər etməsinə şərait yaradar. Mütləq bu olduqdan sonra ölkədə turizmin artımının daha yüksək səviyyədə ola biləcəyini düşünürük. Nəzərə alaq ki, bu planda eyni vaxtda dağ - haykinq turizmi ilə əlaqədar işlər də nəzərdə tutulub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində coğrafi mövqe uyğun olduğu üçün o yerlərdə dağ turizmi marşrutlarının yaradılması həm yerli, həm xarici bazarda beynəlxalq yarışların orada keçirilməsinə səbəb ola bilər".
Məsələ ilə bağlı Oxu.Az-a danışan Əziz Şiriyev isə qeyd edib ki, biz daha çox qeyri-neft sektorunu inkişaf etdirmək istəyirik:

"Çünki alternativ və tükənməyən sərvət kimi turizm çox gözəl sahədir. Bizim də turizm potensialımız çox yüksəkdir. Bütün turizm növlərini Azərbaycanda inkişaf etdirmək olar və o baxımdan da turist cəlb eləmək mümkündür. Bir sıra ölkələrlə vizasız rejim həmin dövlətlərdən xeyli sayda turistin gəlməsinə səbəb olacaq. Alternativ hava yollarının olması, daha aşağı büdcəli təyyarələrin Azərbaycana uçuşunu təşkil etmək daha çox turistlərin həmin istiqamətlərdən ölkəmizə gəlməsini təşviq edəcək. Bu, regionların da sosial-iqtisadi inkişafına, ümumilikdə Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafına müsbət təsirini göstərəcək".