Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının isti su xətlərində uzunmüddətli istismar nəticəsində yaranmış texniki problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəstəxanada sanitar-gigiyenik vasitələrlə bağlı müvəqqəti çatışmazlıq yaranıb. Hazırda problem aradan qaldırılıb və təminat bərpa olunub.
"Aparılan araşdırma zamanı şöbədə antisanitar vəziyyət qeydə alınmayıb", - deyə TƏBİB-dən bildirilib.
7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının zəruri sanitar-gigiyenik şəraitlə təmin edilmədiyi iddia olunur.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə vətəndaşlar müraciət göndəriblər.
Onların sözlərinə görə, xəstəxanada isti su, sanitar qovşaqda salfet, əl yumaq üçün sabun yoxdur:
"Ümumi sanitar şərait uşaqlı pasiyentlərin uzun müddət xəstəxanada qalması üçün uyğun deyil.
Azyaşlı uşağın xəstəxanada müalicə aldığı bir şəraitdə belə əsas gigiyenik vasitələrin olmaması qəbuledilməzdir və uşağın sağlamlığı üçün əlavə risk yarada bilər".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.