İranın rəsmi dövlət televiziyası praym-taym vaxtında ABŞ Prezidenti Donald Trampın 20 yaşlı oğlu Berron Trampa çıxış əldə etmək cəhdlərinə dair qeyri-adi bir reportaj yayıb. Materialda bu kontekstdə 10 milyon dollar dəyərində mükafat barədə məlumat da yer alıb.
Oxu.Az-ın "Komsomolskaya pravda"ya istinadən verdiyi məlumata görə, nümayiş etdirilən reportajın müddəti üç dəqiqədən bir qədər çox olub.
Təqdim olunan süjet bütövlükdə Amerika Birləşmiş Ştatları prezidentinin kiçik oğluna yönəlib. Qrafik animasiyalardan istifadə edilməklə, İranın xüsusi xidmət orqanlarının guya Berronun yaxın çevrəsini, potensial rabitə kanallarını və əlaqələrini araşdırması, habelə ABŞ Məxfi Xidmətinin qoruma mexanizmlərini aşmaq istəkləri təsvir olunub.
Videoda irəli sürülən bu mülahizələrin hələlik müstəqil mənbələr tərəfindən heç bir təsdiqi yoxdur. "Iran International" nəşri vurğulayıb ki, xüsusi vizual effektlərlə bəzədilmiş bu reportajda Berron Trampla həqiqətən hər hansı bir təmasın qurulmasını təsdiqləyən heç bir real sübut mövcud deyil.