Azərbaycanın Mərkəzi Klinik Xəstəxanasının rəsmi saytı xakerlər tərəfindən sındırılıb.
Oxu.Az xəbər verir ki, saytı sındıran xakerlər burada iyulun 21-də Nabranda baş vermiş hadisədə ayaqlarını itirmiş İmran Cəfərzadənin fotoşəklini yerləşdiriblər.
Şəklin altında isə qeyd olunub:
“Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 manat alırsınızsa, hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız!”.
Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanası Türkiyənin “AY-MED Medikal Yatırım Danışmanlık Ticarət Anonim Şirkəti”nə 10 il müddətində idarəetməyə verilib.
Xəstəxananı idarəetməyə götürən türklər burada yeni qaydalar tətbiq etməyə başlayıblar. Belə ki, xəstəxanaya daxil olan hər bir xəstə elə o anda “sayğaca” qoşulur, yəni burada qaldığı hər bir günə görə böyük miqdarda pul ödəməli olur. Əlbəttə, xəstəxananın yeni, bir qədər qəddar olan Türkiyə qaydaları ilə idarə olunduğunu anlamaq olar, lakin ən azından bir xəstəyə, balaca İmrana kömək etmək üçün Mərkəzi Klinik Xəstəxana öz xidmətlərini pulsuz edə bilərdi. Lakin təəssüf ki, bu baş vermədi. Xəstəxana rəhbərliyi yenə də insani dəyərlərdən uzaq maddi dəyərlərə üstünlük verdi - pulun yoxdursa, yıxıl öl dəyərlərinə...
Xəstəxananın saytı hazırda bərpa olunsa da, Oxu.Az saytın sındırılmış vəziyyətdə çəkilmiş skrinşotunu oxucularına təqdim edir.
Xatırladaq ki, bundan əvvəl İmranın yaxınları uşağın xəstəxanada qalması üçün gündəlik 800 manat pul ödədiklərini bildirmişdilər.
Foto: 
www.oxu.az