Türkiyənin baş nazir müavini Bülənt Arınç Azərbaycan əsilli jurnalistin Türkiyə hökumətinə qarşı Tvitter sosial şəbəkəsində yazdığı sözlərinə görə, ölkədən xaric edilməsi məsələsinə münasibət bildirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Arınç qeyd edib ki, Mahir Zeynalov adlı şəxsin, əslində, ölkədən xaric olunmasına səbəb bu deyil. O, Türkiyədə qalma müddəti başa çatdığı üçün öz vətəninə geri göndərilib.
Arınçın sözlərinə görə, Zeynalov viza müddəti bitməsinə baxmayaraq, 2 aydan çox Türkiyədə qalıb və “Tudey`z Zaman” qəzetində fəaliyyət göstərib.
Türkiyə baş nazirinin müavini, Bülənt Arınç:
“Bu sistemdə hökuməti günahlandırdığı və ya sadəcə tvit atdığına görə kimisə ölkədən qovuruqsa, buna görə bizə qarşı heç bir cəza tətbiq olunmaz”.
Arınç, eyni zamanda, Zeynalovun Türkiyə ilə öz ölkəsini müqayisə etməsini istəyib və Azərbaycanda belə bir addım ata bilməyəcəyini bildirib.