Uzun illər Türkiyədə yaşayıb geri dönən Naxçıvan sakinlərinin uşaqlarını Naxçıvanda orta məktəbə qəbul etmirlər.
Oxu.Az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olub.
Şərur sakini İntiqam Tağıyev sosial şəbəkədə yaydığı videomüraciətdə iddia edib ki, övladını məktəbə yerləşdirməyi tələb etdikləri üçün onu və qızını Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində hədələyiblər.
"Mənə dedilər ki, yaşı böyük olduğu üçün biz uşağı məktəbə qəbul edə bilmirik. Uşaq səkkizinci sinfə kimi Türkiyədə məktəbə gedib. Burada məktəbə götürmədilər deyə qızımı Bakıda 89 nömrəli məktəbə qoymalı oldum. Doqquzuncu sinfin attestatını alandan sonra yenidən Naxçıvana gətirdim. Mənə dedilər ki, yaşı böyük olduğu üçün məktəbə qəbul edə bilmərik. Bakının verdiyi attestat isə burada keçərsizdir. Qızım indi yenə Bakıda oxuyur, amma onun yanına getməyə imkanım yoxdur", - deyə şikayətçi bildirib.
Naxçıvan MR-in Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirib.
Qeyd olunub ki, 2006-cı il təvəllüdlü S.Tağıyeva ümumiyyətlə I-VIII siniflər üzrə Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin digər ümumtəhsil məktəblərində təhsil almayıb, Türkiyənin İstanbul şəhərində qeyri-leqal fəaliyyət göstərən, dövlət qeydiyyatı olmayan və maliyyə mənbəyi məlum olmayan "Hüseyn Cavid məktəbi" adlandırılan dərnəkdə oxuyub.
"Məlumat üçün bildiririk ki, İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində Hüseyn Cavid adına məktəb qeyri-formal fəaliyyət göstərir və rəsmi qaydada şagirdlərin orada təhsil alması ilə bağlı heç bir sənəd təqdim etmək səlahiyyəti yoxdur.
S.Tağıyeva ilə Təhsil Nazirliyində görüş zamanı o bildirilib ki, ötən tədris ilində Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbdə ümumi orta təhsilini başa vuraraq attestat alıb. Qeyd edək ki, ötən tədris ilində 2010-cu il təvəllüdlü şagirdlər ümumi orta təhsil üzrə attestat almaq hüququna malik idilər. O, 2006-cı il təvəllüdlü olduğundan eksternat qaydada imtahan verərək ümumi orta təhsil haqqında attestat almalı idi.
Hazırda Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həmin attestatın qanuniliyi araşdırılır və bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlanıb.
2010-cu il təvəllüdlü şagirdlərin ümumtəhsil məktəblərinin X, 2009-cu il təvəllüdlü şagirdlərin isə XI siniflərində təhsil aldığını nəzərə alsaq, 2006-cı il təvəllüdlü Sədaqət Tağıyevanın həmin şagirdlərlə birlikdə təhsilini davam etdirməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın 2.1.2-ci bəndinə əsasən mümkün deyil.
Belə ki, həmin bəndə əsasən, ümumi təhsilin məzmununa dair ümumi tələblər pozulub, S.Tağıyevanın yaşı, fizioloji-psixoloji xüsusiyyətləri nəzərə alınmadan cari ilin məzunu kimi məktəbə qəbul edilib. Bunun üçün də vətəndaş qəbulunda qanunvericiliyin tələbləri S.Tağıyevanın diqqətinə çatdırılıb, onun qanunvericiliyə uyğun olaraq Şərur rayonunun ümumtəhsil məktəblərində təhsil ala bilməyəcəyi izah olunub.
Bundan əlavə, S.Tağıyevaya bildirilib ki, aidiyyəti üzrə müraciət edərək eksternat qaydada imtahan verməklə ümumi orta və ya tam orta təhsili bitirmək barədə dövlət nümunəli sənəd ala bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"ın 2-ci bəndinə əsasən, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Qaydaların 3-cü bəndinə əsasən isə bu 2-ci bənddə nəzərdə tutulan şəxslərdən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.
Bildiririk ki, özünü Türkiyənin İstanbul şəhərində qeyri-leqal fəaliyyət göstərən və dövlət qeydiyyatı olmayan "Hüseyn Cavid məktəbi" adlanan dərnəyin rəhbəri adlandıran Şərqiyyə Məmmədova tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə dərnəkdə oxuduğu bildirilən bir neçə uşağın Naxçıvanın ümumtəhsil məktəblərinin XI siniflərinə daxil olaraq attestatla təmin olunması, eyni zamanda, müxtəlif siniflərə qəbulla bağlı dəfələrlə hədələyici üslubda qanunsuz tələblər irəli sürülüb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bütün müraciətlərə qanunauyğun və operativ baxılması diqqətdə saxlanılır. Aşkarlanmış qanunsuzluqlar və qeyri-qanuni fəaliyyətlər barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanları məlumatlandırılır", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova