Ötən gün axşam saatlarında Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 212-ci km-də Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələ ki adı məlum olmayan Kürdəmir rayon sakininin idarə etdiyi 10 TL 953 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik maşını əks istiqamətdən gələn hələ ki adı məlum olmayan Ucar rayon sakininin idarə etdiyi 90 MA 697 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı maşınla toqquşub.
Zərbə nəticəsində “Mercedes” markalı maşın qarşı tərəfdən gələn “Fiyat” markalı avtomaşına arxadan dəyərək dayanıb. Hadisə zamanı “VAZ 2106”nın sürücüsü yerindəcə dünyasını dəyişib.
İlkin məlumatlara görə “Mercedes” markalı maşında olan sərnişinlərdən ikisi Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılsa da onlardan biri dünyasını dəyişib. “VAZ 2106” markalı avtomaşında olan 4 sərnişindən 3-ü Ucar rayon mərkəzi xəstəxanasına aparılıb, lakin yaralılardan ücüncüsü də dünyasını dəyişib.
Hal-hazırda hər iki maşında olan yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hadisənin avtomaşınların yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Zərbənin gücü o qədər şiddətli olub ki, “VAZ 2106” markalı maşın iki parçaya ayrılıb. Hər iki maşında 4 sərnişin olub.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.