Ermənistanın Gömrük İttifaqına daxil olması üçün heç bir maneə yoxdur, qalan 2-3 məsələ isə sırf texniki xarakter daşıyır və ölkələr arasında ticarət münasibətlərinə aiddir.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə may ayının 31-də Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətdə olan Ermənistanın Respublika Partiyasının gənclər təşkilatı ilə görüş zamanı deyib.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) BMT-nin təsdiq etdiyi sərhədlərlə daxil olması barədə Nursultan Nazarbayevin bəyanatından danışan Sarkisyan qeyd edib:
“Sərhədlər barədə danışmaq düzgün deyil. Hansı sərhədlərdən danışırıq? Qarabağ problemi Gömrük İttifaqı tərəfindən həll edilmir. Kim dedi ki, biz Gömrük İttifaqına Qarabağla bərabər daxil olacağıq? Belə şey yoxdur, ola da bilməz, belə ki, Qarabağ bizim qanunvericiliyə görə Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqında üzvülüyün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyi isə birmənalıdır. Əlbəttə, Nazarbayevin dedikləri xoş deyil, amma bu, bizə zərər verə bilməz”.
Öncədən xəbər verdiyimiz kimi Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Avrasiya İqtisadi İttifaqına dair müqaviləyə qoşulması üçün müqavilənin cari ilin iyun ayının 15-nə qədər hazırlanmasını xahiş etmişdi. Öz növbəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının 29 may tarixində keçirilən iclasında Ermənistana Aİİ-na BMT-nin qəbul etdiyi sərhədlərlə daxil olmasını təşkil edib.