Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Ukrayna dairəsi"ndə təmir bitdi, problemlər başladı: "Hər gün TIXACDA QALIRIQ"
Bakının Xətai rayonu ərazisində yerləşən və gün ərzində minlərlə nəqliyyat vasitəsinin keçdiyi "Ukrayna dairəsi" son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, vətəndaşlar təmirdən sonra bu dairənin ətrafında nəqliyyatın hərəkətində yaşanan problemlərdən şikayətlənirlər.
Məlum olduğu kimi, bir müddət əvvəl təmir işləri aparılan "Ukrayna dairəsi" yenidən istifadəyə verilib. Lakin təmirdən sonra vəziyyət daha da pisləşib. Xüsusilə də günün pik saatlarında burada böyük tıxaclar yaranır və nəqliyyatın hərəkəti, demək olar ki, iflic olur.
Dairəyə dörd istiqamətdən - M.Hadi, Aşıq Ələsgər, Vunqtau və Neapol küçələrindən nəqliyyat vasitələri daxil olur ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Gündəlik həmin yoldan istifadə edən sürücülər bildiriblər ki, əvvəllər yalnız dairənin daxilində tıxac yaranırdısa, indi ətraf küçələrdə də hərəkət iflic olur:
"Təmirdən əvvəl ətraf küçələrdə tıxac olmazdı. Dairə daxilində bir-birimizə yol verməklə keçib getmək mümkün idi. Yəni tıxac ancaq dairə ətrafında olurdu. İndi isə dairəni genişləndirib yolu daraldıblar deyə, dairəyə giriş-çıxış etmək, demək olar ki, mümkün deyil. Hər gün işə gedəndə və işdən gələndə dəqiqələrlə ərazidə ilişib qalmalı oluruq", - deyə şikayətçilərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Oxu.Az-ın sorğusuna verdiyi cavabda isə qurum ərazidə sıxlığın əvvəlki dövrlə müqayisədə artması faktı ilə razılaşmayıb:
"Ukrayna dairəsi"ndə icra edilən layihə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yoludur. Ərazidə nəqliyyat axınlarının kanallaşdırılması məqsədilə adacıqlar inşa edilib. Nəticədə bir çox axınların dairəyə daxil olmadan sağa hərəkət etməsi təmin edilib. Bu da öz növbəsində dairənin yükünü azaldır. Adacıqlar vasitəsilə, həm də təhlükəsiz şəkildə bütün istiqamətlərdə piyada keçidlərinin təşkilinə nail olunub.
AYNA tərəfindən icra edilən bütün layihələrdə olduğu kimi, bu dairədə də davamlı monitorinqlər aparılır. Ərazidə sıxlıq əvvəlki dövrlə müqayisədə artmayıb. Paralel olaraq, ciddi şəkildə təhlükəsizliyin artması müşahidə edilir. Belə ki, "Ukrayna dairəsi"ndə münaqişəli nöqtələrin sayı 170-dən 23-ə endirilib",- deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, sözügedən ərazidə yaranan problem dəfələrlə müzakirə mövzusu olub. Yol hərəkəti qaydaları üzrə ekspertlər təmirdən əvvəl də təqdim olunan layihənin ərazidə sıxlıq yaradacağı haqqında fikir bildirmişdilər.
Təmirdən sonra yaranan bu problemin həllinə gəlincə isə, ekspertlər hesab edirlər ki, Məhəmməd Hadi, Neapol və Aşıq Ələsgər küçələrindən dairəyə birləşən nöqtələrdə işıqfor qoymaq olar. Amma bundan əvvəl orada yenidən təhlillər aparılmalıdır.
Əzizə İsmayılova
Rəylər