Ukraynanın silahlı qarşıdurmanın yaşandığı Cənub-Şərq bölgəsində - Luqansk və Donetsk vilayətlərində 40-50 min nəfərədək azərbaycanlı yaşayır. Lakin bu, 10 il əvvəlin məlumatlarıdır. Son vaxtlar ölkəmizdən Ukraynaya miqrasiya çox azalıb.
Bunu Oxu.Az-a açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə nümayəndəliyinin sədri Malik Pirverdiyev bildirib.
M.Piverdiyevin sözlərinə görə, hazırda silahlı münaqişənin davam etdiyi Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıların təşkilata müraciətləri artıb.
“Onlar əsasən sənədləri düz olmadığı üçün döyüş gedən ərazini tərk edə bilməyənlərdir. Belə ki, bildiyiniz kimi, həmin bölgədə postlar qurulub və yerli sakinlərin bütün hərəkətləri, sənədləri yoxlanılır.
Biz onlara bu problemləri aradan qaldırmaqda kömək olduq, maliyyə dəstəyi göstərdik. Bundan başqa, döyüşlərin getdiyi əsas bölgədən – Slavyanskdan ümumilikdə 6 uşağı olan üç ailəni Donetsk şəhərinə gətirdik.
Burada yaşayan azərbaycanlılar, diaspora onları ərzaqla təmin etdi, ev verdi. Slavyanskdan daha 60 tatar, məhsəti türkləri və azərbaycanlıların uşaqlarını Donetskdə məsciddə yerləşdirdik. Buradakı yerli tatarlar, türklər bizə dəstək oldular”, - deyə, M.Pirverdiyev bildirib.
Diaspora nümayəndəliyi sədrinin sözlərinə görə, döyüş bölgəsində yaşayan azərbaycanlıların 90%-i geriyə, Vətənə qayıdırlar.
“15 gün əvvəl Slavyanskda yaşayan bir azərbaycanlı ailə müraciət etdi. Biz onlara həmin bölgədən çıxmaqda yardım etdik və onlar Vətənə, Azərbaycana qayıtdılar. Ümumiyyətlə döyüş bölgəsindən çıxarılanların, Ukraynanı tərk edən azərbaycanlıların əksəriyyəti qadınlar və uşaqlardır.
Onların ərləri buradakı işlərini atıb gedə bilmədikləri üçün ölkədə qalmaqda davam edirlər. Bizim təşəbbüsümüzlə bölgədən Azərbaycana yola düşən bir neçə mikroavtobus ayrılıb. Hər həftə diaspora təşkilatına müraciət edənlər bu mikroavtobuslarla Azərbaycana yola salınırlar. Həftə ərzində 3-4 belə mikroavtobus yola düşür”.
Pirverdiyev həmçinin Ukraynanın döyüşlərin getdiyi bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının münaqişədə iştirak edib-etmədiyi məsələsinə aydınlıq gətirib:
“Azərbaycan dövlətinin Ukraynadakı münaqişə ilə bağlı münasibətini artıq bizim səfirimiz rəsmi şəkildə açıqlayıb. Burada yaşayan azərbaycanlıların münaqişədə iştirakına gəldikdə isə, əminliklə söyləyə bilərik ki, heç bir Azərbaycan vətəndaşı bu münaqişəyə qatılmayıb”.
Sonda Pirverdiyev münaqişənin davam etdiyi Luqansk və Donetsk vilayətində vəziyyətin həqiqətən də çox acınacaqlı olduğunu vurğulayıb.
Elvin Ş.
www.oxu.az