İstifadə müddəti hələ bitməyib, amma məhsul artıq kiflənib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə alıcı iddia edir ki, tanınmış istehsalçılardan olan "№1 Çörək Zavodu"nun paketlənmiş şirniyyatı istehsal tarixindən cəmi bir neçə gün sonra yararsız hala düşüb. Bu isə diqqətləri bir daha mağaza rəflərində satılan paketlənmiş məhsulların keyfiyyətinə yönəldir.
Bəs istifadə müddəti bitməmiş məhsul niyə kiflənir? Problem istehsal zamanı istifadə olunan xammalda və ya qablaşdırmadadır, yoxsa saxlanılma şəraitində?
Qida eksperti Seymur Qafarov Baku TV-yə bildirib ki, paketlənmiş un məmulatlarında kiflənməyə səbəb məhsulun kifayət qədər soyudulmadan qablaşdırılmasıdır. İstehlakçılar arasında isti məhsullara tələbat yüksək olduğundan bəzi hallarda məhsul tam soyudulmadan qablaşdırılır. Bu zaman qablaşdırmanın daxilində yaranan rütubət kif göbələklərinin əmələ gəlməsi üçün əlverişli mühit yaradır.
Mütəxəssislər hesab edirlər ki, belə halların qarşısını almaq üçün məhsulun qablaşdırmadan əvvəl tam soyudulması, daşınma zamanı temperatur rejiminin qorunması üçün nəqliyyat vasitələrinin uyğun soyutma və ya havalandırma sistemi ilə təchiz edilməsi, eləcə də bəzi məhsulların qablaşdırılmasında hava dövranını təmin edən xüsusi deşiklərdən istifadə olunması vacibdir.