Parlament seçkisində iştirak etmək üçün xaricdən, o cümlədən Rusiyadan gələn Ermənistan vətəndaşları sərhəddə və İrəvan hava limanında hərbi toplanışlara çağırış vərəqələri ilə qarşılaşıblar.
Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin köməkçisi Taron Çaxoyan məlumat verib.
"Xaricdən gələn Ermənistan vətəndaşları 25 günlük təlim toplanışlarına çağırılacaqlar. İmtina edənlər isə cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə Çaxoyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanda hərbi toplanışlar bu il martın 31-dən iyunun 19-dək davam edir. Məsələni şərh edən Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, ölkəyə gələn hərbi mükəlləfiyyətli vətəndaşların vətən qarşısında borcu var. Papikyan bu qaydanın yalnız Rusiyadan gələnlərə aid olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, tələb Fransa, ABŞ və digər ölkələrdən gələn bütün hərbi mükəlləfiyyətli şəxslərə şamil olunur.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək.