Perm Müasir incəsənət muzeyinin əhvalatı haqqında Rusiyanın “Birinci kanal”ında danışılıb.
Oxu.Az “RİFEY”ə istinadən xəbər verir ki, məşhur teleaparıcı İvan Urqant bu həftə Permdə azərbaycanlı rəssamların Müasir incəsənət muzeyində baş tutan “Konfet dağları” sərgisi ucbatından yaranan “kukla” qalmaqalından yan keçə bilməyib.
“Qızların yaşadığı və gəlincik ilə oynadıqları istənilən otaqda belə mənzərəni görmək olar. Hələ bir qədər sərt mənzərəyə də rast gəlmək olar, bəzən orada yalnız gəlinciklər deyil, eləcə də ayıcıqlar, tülkülər, tapançalar, maşınlar da olur... Mənim üç qızım var və mən oyuncaq sandığını açanda “Ken”in orada uzandığı vəziyyəti görəndə mən belə utanıram”, - o, “Veçerni Urqant” şousunun efirində danışıb.
Teleaparıcı qeyd edib ki, azərbaycanlı rəssamları qınamaq lazım deyil.
“Sərgiyə gəlmisiz, bəyənmədiniz, səliqəsizliyi yığışdırmağa yardım edin”, - İvan Urqant zarafatca məsləhət görüb.
Xatırladaq ki, sərgiyə gələn bir neçə nəfər Azərbaycandan gələn müasir rəssamlara dair prokurorluğa şikayət edib.
Permlilərin fikrincə, PERMM muzeyində noyabrın 15-dən 18-nə qədər keçirilən “Konfet dağları, neft sahilləri” sərgisinin bəzi eksponatları “zorakılıq, seksual və mənəvi özbaşınalığı, pedofiliyanı, uşaq pornoqrafiyasını təbliğ edirlər”.
Bununla yanaşı sərgidə yaş məhdudiyyəti olmayıb və uşaq müəssisələrində fəal reklam edilib.