Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində insanların girov götürülməsi nəticəsində 27 nəfərin meyiti aşkarlanıb.
Oxu.Az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.
Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.
AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.
Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.
18:39
Malinin paytaxtı Bomakoda zəbt edilmiş otelin daxil olduğu Beynəlxalq otellər şəbəkəsi Carlson Rezidor bəyan edib ki, binada 125 qonaq və 13 əməkdaş qalıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Son məlumata görə, binada hələ də 125 qonaq və 13 əməkdaş qalıb”, - otelin sahibi olan şirkətin rəsmi saytında bildirilib.
16:30
Malidə yaraqlıların zəbt etdikləri oteldə əməliyyatın gedişatında 80-nə yaxın girov azad edilib, Franss press agentliyi Malinin dövlət televiziyasına istinadən məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, cümə günü ona yaxın yaraqlı Malinin paytaxtı Bomakonun mərkəzində yerləşən Radisson Hotel Bamako otelini zəbt edərək 170 nəfəri, o cümlədən 140 qonaq və 30 otel əməkdaşını girov götürüblər.
Təhlükəsizlik qüvvələri 190 nömrədən ibarət olan oteli mühasirəyə alıblar.
16:00
Afrikada ən varlı insan hesab edilən sahibkar Aliko Danqote KİV-də onun Malinin paytaxtı Bomakoda yerləşən Radisson otelində yaraqlılar tərəfindən götürülən girovlar arasında olmasına dair yayılan məlumatı təkzib edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə Twitter-də yazı paylaşıb.
“Mənim girov saxlanıldığım barədə şayiələr yalandır. Mən Malidə dünən olmuşam. Narahatçılığınız üçün təşəkkür edirəm. Dualarım orada olanlar üçündür”, - Danqote yazıb.
Daha öncə Bomakoda yaraqlıların zəbt etdikləri oteldə Malidə işgüzar səfərdə olan afrikalı sahibkar Aliko Danqotenin ola biləcəyi haqqında məlumat yayılmışdı.
Eləcə də Türkiyənin vətəndaşları Turkish Airlines aviaşirkətinin Malinin paytaxtı Bomakoda oteldə girov götürülmüş yeddi əməkdaşından beşinin azadlığa buraxıldıqları bildirilib.
Daha öncə Reyter agentliyi türk məmuruna istinadən Bomakoda zəbt edilmiş oteldən Turkish Airlines şirkətinin üç əməkdaşının qaça bildiyi haqqında məlumat yaymışdı.
Türkiyənin Xarici İşlər Nazirliyi RİA Novosti-yə aviaşirkətin girov düşmüş altı əməkdaşı barədə məlumat verib. Daha sonra aydın olub ki, Turkish Airlines nümayəndəsinin biri aviaşirkətin yerli əməkdaşıdır.
15:31
Malinin paytaxtı Bomakoda Radisson Blu otelinə hücum zamanı ən azı üç nəfər ölüb, İnterfaks France24-ə istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, 15 girov buraxılıb.
Daha öncə fransız KİV şahidlərə istinadən hücum zamanı iki mühafizəçinin öldürüldüyü barədə məlumat yaymışdı.
Bundan başqa, iki qadının təxliyyə edilməsi barədə məlumat yayılıb. Fransız mətbuatının məlumatına əsasən, Qurandan ayələr oxuya bilən girovlar buraxılıb.
15:00
Nigeriya maqnatı Aliko Danqote Malidə yaraqlıların girovları arasındadır, “LIFENEWS” yerli KİV-ə istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, sərvəti 14,7 milyard dollar olan Danqote Maliyə ölkənin prezidenti ilə danışıqlar aparmaq üçün gəlib.
Əldə olan məlumata əsasən, Danqote öz sərvətini şəkər və un ticarətindən əldə edib.
14:21
Malinin paytaxtı Bomako şəhərində iki silahlı şəxs “Radisson” otelində 170 nəfəri girov götürüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bomako otelinin daxil olduğu Rezidor otellər qrupunun mətbuat katibi bildirib.
“Onlar 140-ı qonaq, 30 otel əməkdaşını girov götürüblər. Beləliklə də otel blok edilib, otelə giriş və çıxış qadağan olunub”, - otellər qrupunun mətbuat katibi bildirib.
Reuters-in məlumatına görə, silahlılar otelə “Allahu-Əkbər” qışqıra-qışqıra daxil olublar.
Daha öncə naməlum şəxslərin Malinin paytaxtının mərkəzində yerləşən Radisson Hotel Bomako otelinə hücum etdikləri bildirilmişdi.
Reuters agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar. Hazırda otel binasında atışma gedir.