Uşaq oyuncaqlarının tərkibindəki bəzi kimyəvi maddələr və dizayn qüsurları uşaqların sağlamlığı üçün ciddi zərərlər və risklər yarada bilər.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu oyuncaqlara qoyulan yeni tələblə bağlıdır.
Nazirlər Kabineti tərəfindən oyuncaqların istifadəsinə və satışına dair yeni tələblər təsdiqlənib.
Yeni qaydalara görə, oyuncaqlarda lazer şüalanma sistemlərindən istifadə edilməməlidir. Elektrikli oyuncaqlarda isə nominal gərginlik 24 voltdan çox olmamalıdır.
Bəs səs çıxaran oyuncaqlar necə?
Onların da səs səviyyəsi məhdudlaşdırılıb. 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqların ekvivalent səs səviyyəsi 60 desibeldən, 3-6 yaş üçün 65, 6 yaşdan yuxarı uşaqlar üçün isə 70 desibeldən çox olmamalıdır.
Həmçinin oyuncağa bərkidilməyən maqnitlər elə ölçüdə olmalıdır ki, uşağın tənəffüs yoluna düşməsi və boğulma riski yaranmasın.
Üstəlik, 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda şüşə, çini, təbii xəz və dəri kimi bəzi materiallardan istifadə edilməsinə yol verilmir.
Pnevmatik silahlar, katapultlar və bəzi digər atıcı qurğular da reqlamentlə əhatə olunmayan məhsullar siyahısındadır.
Nəhayət, oyuncaq mağazaya gəlib birbaşa satışa çıxarıla bilməz. Onun təhlükəsizlik tələblərinə uyğunluğu əvvəlcə sertifikatlaşdırılmalıdır və tələblərə cavab verən oyuncaqlar uyğunluq nişanı ilə nişanlanmalıdır.