Məktəbəhazırlıq qruplarına hansı uşaqların qəbul edilməsi və elektron sənəd qəbulunun hansı müddət ərzində həyata keçirildiyi açıqlanıb.
Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Eyni zamanda məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu prosesində ərizələrin onlayn qeydiyyatı avqustun 18-dən, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.
Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımadığı üçün bu qruplara getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyətin mövcud olmadığı da qeyd olunub.
Nazirliyin məlumatına əsasən, uşaqların hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmayacağı ilə bağlı məqamlar da açıqlanıb.
Məlumata görə, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Eyni zamanda, məktəbəhazırlıq qruplarına qəbul ilə bağlı hər hansı sual yaranarsa, elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə və ya bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət oluna bilər.
Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.
Rəylər