Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəbin binasının vəziyyəti ilə bağlı narahatlıq yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayılıb.
Məktəb binasının çox ağır vəziyyətdə olduğu, buna baxmayaraq burada şagirdlərin təhsil aldığı qeyd edilir.
Mövcud vəziyyət məktəbdə təhsil alan uşaqların valideynlərinin ciddi narahatlığına səbəb olub.
Qeyd edilir ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək məsələnin həlli istiqamətində nəticə olmayıb.
Valideynlər məktəb binasının vəziyyətinin araşdırılmasını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini istəyirlər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən problemdən xəbərdar olduqları bildirilib.
"Ağdam rayonu Əsgər Əliyev adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbinin ümumi vəziyyətindən xəbərdarıq. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin həyətyanı sahəsində modul tipli məktəbin tikintisinə başlanılıb.
Bildiririk ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdəndir. Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 16 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 1 məktəb binası sökülərək yenidən tikilib", - deyə məlumatda vurğulanıb.