Azərbaycanın Təhsil Nazirliyi Bakını Səbayıl rayonundakı 23 saylı tam orta məktəbin direktoru İradə Rəhimlinin işdən azad edilməsi ilə bağlı məlumatlarla əlaqədar 1news.az-ın yazılı sorğusuna cavab verib.
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin cavabında deyilir:
“23 saylı orta məktəbin direktorunun işdən azad edilməsi faktını təsdiqləyirik. Nazirliyin apardığı təhqiqat Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri və etik normalara söykənib.
Azərbaycan Konstitusiyasına əsasən, hər bir vətəndaşın dövlət instansiyaları və vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə müraciət etmək hüququ var”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda 23 saylı orta məktəbin direktorunun müəllimlərdən hər bir sinifdən 2 min manat pul yığmağı tələb etməsi barədə məlumat yayılmışdı. İ.Rəhimli öz qərarını yeni binanın tikilməsi ilə əlaqələndirib və bildirib ki, valideynlər uşaqlarının həmin binada oxumağını istəyirlərsə, qoy pul versinlər.
Bu barədə məlumatlandırılan nazir Mikayıl Cabbarov direktoru işdən azad edib.