Bir zamanlar insanların suya olan tələbatının ödənilməsində mühüm rol oynayan bu tikili indi səssizcə keçmişin xatirələrini yaşadır. Artıq nə su saxlayır, nə də əvvəlki funksiyasını yerinə yetirir. Lakin Biləsuvarın yaddaşında özünəməxsus yeri var.
Oxu.Az xəbər verir ki, söhbət rayon ərazisində yerləşən və uzun illərdir istifadəsiz qalan köhnə su çənindən gedir.
Bu gün baxımsız vəziyyətdə olan tikili əslində, sadəcə, beton konstruksiyadan ibarət deyil. O, bir dövrün mühəndislik düşüncəsini, insanların zəhmətini və rayonun keçmiş məişət həyatının izlərini özündə yaşadır.
Bakıdan gələn memarlar, yerli sakinlərin zəhməti...
Yerli sakinlərin sözlərinə görə, su çəninin inşası üçün vaxtilə Bakıdan memarlar gəliblər. Tikinti prosesində rayon sakinləri də yaxından iştirak ediblər. Onlar ustalara kömək edərək bu qurğunun ərsəyə gəlməsinə öz töhfələrini veriblər.
Bildirilir ki, çən adi tikinti layihəsi əsasında deyil, xüsusi konstruksiya ilə inşa olunub. Həmin dövrdə keçmiş Sovet İttifaqının bir sıra şəhərlərində də bu tip su çənləri mövcud olub.

Maraqlı məqamlardan biri də odur ki, sakinlərin bildirdiyinə görə, Biləsuvarda bu tip tikilinin yalnız bir nümunəsi olub. Çənin rayon əhalisinin daha sıx məskunlaşdığı mərkəzi ərazinin su təchizatı üçün nəzərdə tutulduğu söylənilir.
Təxminən 1974-cü ildən bəri susur...
Sakinlərin xatirələrinə əsasən, tikili təxminən 1974-cü ilə qədər fəaliyyət göstərib. 1970-ci illərdə rayonda magistral nasos sistemlərinin qurulması ilə əvvəlki su təchizatı üsuluna ehtiyac azalıb. Nəticədə çən istifadədən çıxarılıb.
O vaxtdan uzun illər ötüb. Bir zamanlar su ilə dolan, insanların gündəlik həyatında mühüm yer tutan tikili indi baxımsız vəziyyətdə qalıb. Zaman onun görünüşünü dəyişsə də, yerli sakinlərin yaddaşından silə bilməyib.

Sökülməsin, rayonun tarixini yaşatsın!
İndi sakinlərin bir arzusu var: bu tikili dağılıb yox olmasın!
Onlar hesab edirlər ki, su çəni təmir və bərpa olunaraq Biləsuvarın tarixi-mədəni simvollarından birinə çevrilə bilər. Hətta onun ətrafında kiçik tarixi guşənin yaradılması, məktəblilərin və rayona gələn qonaqların buranı ziyarət etməsi də mümkündür.
Beləliklə, vaxtilə əhalinin su təminatına xidmət edən tikili gələcək nəsillər üçün həm tarixi yaddaş nümunəsi, həm də rayonun tanıdıcı simvollarından biri kimi qorunub saxlanıla bilər.

Bəlkə də, bu gün həmin çəndən bir damcı belə su götürmək mümkün deyil. Amma bu tikili bütöv bir rayonun keçmişindən izlər daşıyır.
İllərin yadigarı olan su çəninin gələcək taleyi isə hələ də sual altındadır. Sakinlər ümid edirlər ki, baxımsız qalan bu əzəmətli tikiliyə sahib çıxan tapılacaq.
İqbal Ziya