Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xaçmazda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxs VƏFAT ETDİ
"Gəndob-Yalama yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Samil Emin oğlu Qədirovun həyatını xilas etmək mümkün olmayıb".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
Qeyd edilib ki, 21 yanvar saat 10:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, travmatik şok diaqnozu təyin edilib.
Pasiyentin vəziyyəti kritik ağır olduğu və ixtisaslı tibbi yardıma ehtiyacı olduğu üçün digər tibb müəssisəsinə təxliyə olunub. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına aqonal vəziyyətdə təxliyə olunan pasiyentin həyatını həkimlərin çoxsaylı səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb", - deyə məlumatda bildirilib.
"Gəndob -Yalama yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs Xaçmaz rayon sakini Qədirov Samil Emin oğludur".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hadisə bu gün saat 10-da Gəndob-Yalama yolunun 29-cu kilometrliyində qeydə alınıb.
"IVECO" markalı 01-AD-360 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 99-HV-337 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı sprinter toqquşub. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində iki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Samil Emin oğlu Qədirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə məlumatda bildirilib.
Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd edilib ki, VAZ-2106 minik avtomobilinin "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
"Yanvarın 21-də saat 10:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik şok diaqnozu qoyulub. Hazırda vəziyyəti kritik ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI