Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Bakı ictimai birliyinin nümayəndələri ilə görüş keçirilib.
Oxu.Az-ın məlumatına görə, qonaqlar Kollegiyasının sədri Anar Bağırov tərəfindən qəbul olunub, gənc hüquqşünasların vəkil peşəsini seçməyə sövq edilməsi yolları, onların vəkil qurumlarında staj keçmələri, gələcəkdə səhnələşdirilmiş məhkəmə müsabiqələrinin keçirilməsində Kollegiyasının iştirakı məsələləri müzakirə edilib.
Bundan başqa, ELSA-nın Azərbaycan bölməsinin rəhbər Nigar Axundova təşkilatın missiyası, növbəti dövrdə həyata keçirəcəkləri tədbirlər barədə məlumat verib və Vəkillər Kollegiyasının tərəfdaşlar sırasında görmək istədiklərini bildirib.
Görüş çərçivəsində Vəkillər Kollegiyası ilə ELSA arasında əməkdaşlıq sazişi imzalanıb.
Razılaşmaya əsasən, bundan sonra Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, dəyirmi masaların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcəkdir.
Görüşdə həmçinin ELSA-nın baş katib Elxan Əliyev və üzvü Murad İsmayılov da iştirak etmişlər.