Bu gün Vətən müharibəsi şəhidi Əliyev Xəqani Füzuli oğlunun şəhadətə ucaldığı gündür.
Oxu.Az xəbər verir ki, Xəqani Əliyev 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
O, 2009-cu ildə 10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirib. 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb. 2013-cü ildə ehtiyata buraxılan Xəqani Əliyev daha sonra, 2015-ci ildə yenidən N saylı hərbi hissədə kəşfiyyat taqımının komandirinin müavini kimi xidmətə başlayıb.
Yüksək döyüş bacarıqları və qüsursuz xidməti nəzərə alınan Xəqani Əliyev “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun giziri olan Xəqani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub.
Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəqani Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid gizirimiz nişanlı idi. Qələbədən sonra toyu olacaqdı.
Rəylər