Gəncədə yerləşən banklardan birinə ayrı-ayrı vaxtlarda ümumilikdə 108 min manat və 179 min dollar yatıran vətəndaş pulunu geri ala bilmir.
Elmira Məmmədova adlı vətəndaş iddia edir ki, onun Rusiyada yaşayan həyat yoldaşı Rəşid Hüseynov orada qazandığı pulları Azərbaycana gətirərək "United Kredit Bank"ın Gəncə filialına qoyub.
Daha sonra Rəşid Hüseynov işləri ilə əlaqədər Rusiyaya qayıtmalı olub. Bu əsnada bank bağlanıb. Bundan sonra Rəşid Hüseynov pulunu tələb etmək üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Ancaq çox keçməyib ki, Rəşid Hüseynov Rusiyada qətlə yetirilib. Mərhumun vəfat etməsinə baxmayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırıb. Ümumilikdə 108 min manat pulun mənimsənildiyi müəyyən edilib.
Elmira Məmmədova bu məbləğlə razılaşmayıb və iş məhkəməyə göndərilib. Vətəndaşın dediyinə görə, proses 7 ay davam edib və sonda məhkəmə iddianı baxılmamış saxlayıb.
Elmira Məmmədovanın sözlərinə görə, məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna da müraciət edib. Ancaq fonddan Rəşid Hüseynovun adına heç bir hesabın olmadığı bildirilib.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, quruma hələ ki, belə bir müraciət daxil olmayıb. Əgər müraciət olarsa, həmin şəxsin hesabına baxıla bilər.
İ.N.
© xezerxeber.az