Bakıda vətəndaşa "Alisiya Möcüzələr Diyarında" adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Seyagi Seymura 2 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 128 min manatdır. Tərəflər arasında barışıq olub.
Elgün Həsənli