Məlum olduğu kimi sentyabr ayının 1-də ölkəmiz və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalanıb. İki tərəfin saziş imzalayacağı elan edildiyi dövrdən, çoxları Azərbaycanda bu anı səbirsizliklə gözləməyə başladılar. Belə ki, onlar Şengen vizasının indi artıq sənədlərə vaxt itirmədən daha tez və daha ucuz qiymətə əldə etməyin mümkün olacağını düşünürdülər. Bu sənədi deyəsən ən çox Avropaya konfranslarda və ya mübadilə proqramlarında iştirak etmək üçün gedən jurnalistlər, alimlər və bu kateqoriyadan olanlar gözləyirdilər. Axı onlar artıq viza üçün pul ödəməli olmayacaqdılar.
Bu, həm də sadə səyahətçilər üçün də əlverişli idi, axı onlar da 1 ildən 5 ilə qədər müddəti olan multiviza ala biləcəklər.
Yəqin ki, bu sənədin imzalanmasına sevinməyən yalnız, daha yaxşı həyat axtarışında Avropaya qanunsuz gedərək orada yaşayan azərbaycanlılar oldu. İndi bu vətəndaşlar Azərbaycanın hesabına bizim ölkəyə qaytarılacaqlar.
Yanvar ayının 1-də bu sazişin imzalanmasından 4 ay keçəcək. Yeni il bayramının gəlməsi münasibəti ilə azərbaycanlılar bir il müddətində yığılan pulları xərcləmək üçün xaricə üz tuturlar. Təbii ki, yeni il əhval-ruhiyyəsi ən çox Avropada hiss olunur. Nə etmək olar, Vətəndə istirahət çoxlarının cibinə uyğun deyil, həm də xidmət heç də yüksək səviyyədə deyil. Ona görə də çoxları düşünürlər ki, Azərbaycan və Aİ arasında bağlanan saziş nəhayət ki, çoxlarına Avropada tətil keçirmə imkanı verəcək.
Bu razılaşma Azərbaycan vətəndaşlarına nə verdi? Viza almaq asanlaşdımı və sazişin imzalanmasından bu ana qədər konkret nə dəyişib?
Azərbaycan sosial şəbəkələrində aparılan mini sorğuya əsasən, ölkəmizin vətəndaşlarının vizanın qiyməti 60 dollardan 35 dollara enməsindən başqa ciddi dəyişiklik hiss etmədikləri nəticəsinə gələ bilərik.
Amma burada bəzi səfirliklərin, diplomatik missiyanın konsul şöbələrində vizaların təqdim edilməsindən etiraz etmək qərarına gəlməsi və bu funksiyaların xidmət üçün əlavə ödəniş alan özəl şirkətlərə həvalə etmələri ilə bağlı bir məqamı da qeyd etmək lazımdır. Belə çıxır ki, vətəndaşlar praktiki olaraq elə əvvəlki, bəlkə bir qədər ucuz məbləğ ödəməli olurlar.
Digər məqam isə viza verən əməkdaşların süründürməçiliyi və kobudluğu ilə əlaqədardır. Saziş təəssüf ki, bu problemi həll etməyib. Sorğumuz zamanı, bir çox istifadəçilər konsul xidmətlərinin əməkdaşlarının vətəndaşlara qarşı kobud rəftarını, problemləri həll etməyə tələsmədiklərini və viza verilmədikdə səbəbi izah etmədiklərini qeyd ediblər. Üstəgəl, bir çox səfirliklər növbəyə mərkəzləşdirilmiş nəzarət sisteminə malik deyillər. Çox vaxt vətəndaşlar özləri səfirliyə gedib, onları nə vaxt qəbul edəcəklərini gözləməli olurlar. Hərdən isə iş növbə tutmaq təklifinə qədər çatır, davanın düşməsi də nadir hal deyil.
Macarıstan səfirliyindən xəbər veriblər ki, belə insan axını gözləməyən diplomatik nümayəndəlik bu problemi aradan qaldırmaq üçün tədbirlər görür. Daha dəqiq, səfirliyin tərkibi genişləndiriləcək, bununla da viza üçün sənədləri qədul edən şəxslərin sayı artacaq.
Bundan başqa, Aİ dəfələrlə bəyan edib ki, sazişin implementasiyası zamanı viza rejiminin daha da sadələşdirilməsi istisna deyil.
Necə deyərlər, yaşayarıq görərik, hələlik isə Azərbaycan, eləcə də Aİ vətəndaşları azsaylı səfərlərlə kifayətlənməlidirlər.
Hər iki tərəfdə hər şeyin alınacağına və viza rejiminin daha da sadələşdiriləcəyinə ümid etmək qalır, çünki bu, ilk növbədə Avropaya maraqlıdır. Çətin anlarını yaşayan köhnə dünya kəskin şəkildə turistlərin puluna ehtiyac duyur. Rejim sadələşməsə, Avropa getdikcə sevilən istirahət məkanına çevrilən Türkiyəyə, BƏƏ və Cənubi-Şərqi Asiya ölkələrinə axacaq əlavə pullardan məhrum olacaq.
Azərbaycan üçün, Aİ vətəndaşları üçün də rejimi sadələşdirmək maraqlı olardı. Bu təcrübə Avropa Oyunları-2015-də tətbiq ediləcək. Bu zaman oyunlara baxmaq üçün Bakıya gələn xarici ölkə vətəndaşları Azərbaycana giriş üçün vizaya görə pul ödəməyəcəklər. Bu təcrübə gələcəkdə digər xaricilər üçün də tətbiq edilə bilər, şübhəsiz ki, bu tədbir yerli turizm üçün əlverişli olacaq.
Ş.Q.
www.oxu.az