Azərbaycanda çatdırılma xidməti ilə məşğul olan “Wolt Azərbaycan” MMC ilə bağlı şikayətlər var.
Bu barədə Baku.ws-ə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
İddia olunur ki, şirkət Azərbaycanda qanunsuz olaraq məktub və bağlamaların daşınması ilə məşğul olur. Hansı ki, belə xidmətlərin göstərilməsi üçün xüsusi lisenziya tələb olunur. Bildirilib ki, “Wolt”un belə lisenziyası yoxdur.
Nəticədə məktub və bağlamaların daşınması bazarında haqsız rəqabət hökm sürür.
Qeyd edək ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan, sorğuda qeyd edilən şirkət (“Wolt Azərbaycan” MMC-red.) və digər şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.
Bu da “Wolt Azərbaycan”ın məktub və bağlamaların çatdırılması xidmətini lisenziyasız həyata keçirdiyini təsdiqləyir.
Hüquqşünas Şamil Paşayev bildirib ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma Azərbaycan respublikasının cinayət və inzibati xətalar məcəlləsinin tələbinə əsasən məsuliyyətə səbəb ola bilər. Burada dəymiş zərər və ziyana görə bunu daha aydın demək mümkündür:
“Azərbaycan respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq, lisenziya tələb olunduğu halda razılıq almadan, həmçinin lisenziyalaşdırma şərtlərinin pozulması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb olur. Burada vurulan ziyanın məbləğinə adekvat olaraq cəzaların artması da mümkündür”.
Ş.Paşayev onu da qeyd edib ki, konkret olaraq Azərbaycanda sürətli poçtdaşıma xidməti lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir. Bu lisenziyanı almadan bu kimi fəaliyyətlə məşğul olan fiziki şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Belə hallarda hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
Nazirlikdən həmçinin bildirilib ki, “Poçt haqqında “ Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən “Poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi “M” kisələri, bağlamalar” hesab olunur. Həmçinin, “Lisenziyalar və icazələr haqqında “Azərbaycan Respublikası Qanununun bir nömrəli əlavəsinə əsasən sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir və bu fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
Göstərilənlərlə yanaşı qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsində təsbit edilib ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Bu formada fəaliyyət göstərən şəxslər “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi prinsiplərini kobud şəkildə pozurlar.
Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan sorğuda qeyd edilən şirkət və digər şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.
Xatırladaq ki, hələ 2021-ci ilin 30 iyununda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Wolt Azərbaycan” MMC barədə tədbir görülüb.
Belə ki, araşdırma zamanı məlum olub ki, “Wolt Azərbaycan “ MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.
Bununla əlaqədar “Wolt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.
Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Wolt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Rəylər