Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avtobusla dəniz mənzərəli məcburi səyahətə RƏSMİ REAKSİYA: “Çox az istifadə edilən yoldur” - YENİLƏNİB + VİDEO
Nabranda sözügedən Şimal kəndi istiqamətində yolun təxminən 3-4 kilometrlik hissəsi çınqıl örtüklüdür.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yolda intensiv nəqliyyat axını olmur:
“Çox az istifadə edilən yoldur. Hava şəraitinin düzəlməsini gözləyirik. Həmin ərazidə çınqıl örtüyünün bərpası aparılacaq”.
18:03
“Qeyd olunan yol sahəsi Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşir. Nabran qəsəbəsini kəndlə əlaqələndirən yeganə yol infrastrukturunun vəziyyəti qənaətbəxş deyil”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, hava şəraiti səbəbindən bu yol sərnişindaşıma üçün daha da əlverişsiz vəziyyətə düşüb:
“Lakin sərnişin axını və yüksək tələbat nəzərə alınaraq rayon mərkəzindən Şimali kəndinə sərnişindaşıma fəaliyyəti dayandırılmayıb. Hazırda müntəzəm marşrut avtobusları yolun əlverişsiz 700 metrlik hissəsini mövcud yoldan kənar ərazi ilə hərəkət etmək məcburiyyətindədir. Yolun əlverişsiz hissəsi qət edildikdən sonra avtobuslar hərəkətini yenidən marşrut xətti üzrə davam etdirir”.
15:26
Xaçmazda avtomobil yolu bərbad hala düşdüyündən sərnişin avtobusları üçün keçilməz olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, Nabran yaxınlığında, Şimali kəndinə aparan yol bərbad haldadır:
“Yol o qədər yararsız haldadır ki, sərnişin avtobusu da bura ilə hərəkət edə bilmir. Baxın, avtobus sürücüsü çarəsizlikdən sərnişinləri haradan aparır. Avtobus düz dənizin kənarı ilə hərəkət edir. Bu yola baxan, problemlə maraqlanan yoxdur”.
Həmin videogörüntüləri təqdim edirik:
Könül Cəfərli
Rəylər