"WUF13 ərəfəsində xüsusilə açılış günündə əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi lazım olarsa, bəzi yollarda istiqamətlər dəyişə bilər".
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu da yüksəksəviyyəli qonaqların təhlükəsiz hərəkətinin təmin olunması məqsədini daşıyır:
"Digər zamanlarda yollarda hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmur".
O bildirib ki, bölgələrdən paytaxta gələnlər üçün məhdudiyyətlərin və ərazilərdə postların qurulması və s. nəzərdə tutulmur:
"Açılış mərasimində çox qısa müddətdə paytaxtın cənubdan- Lökbatandan gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilə və Kənar Dairəvi yolla hərəkət təmin oluna bilər".
Xəbər verdiyimiz kimi, Ümumdünya Şəhərsalma Forumu (WUF13) müddətində Bakı şəhərində yolların tam bağlanması nəzərdə tutulmur. Yalnız forumun keçirildiyi ərazilərdə və qonaqların hərəkət istiqaməti üzrə zəruri hallarda qısamüddətli hərəkət məhdudiyyətləri tətbiq oluna bilər.
Xeyr, rayon və bölgələrdən paytaxt Bakıya nəqliyyat vasitələrinin girişi üçün heç bir qadağa yoxdur. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi açıqlamasına əsasən, şəhər girişlərində heç bir post qurulmayıb və hərəkət sərbəstdir.
Xüsusilə forumun açılış günlərində cənub girişində sıxlığın qarşısını almaq üçün sürücülərə Kənar Dairəvi yoldan istifadə etmək tövsiyə olunur. Yol polisi hərəkəti bu istiqamətə yönləndirərək əsas magistrallarda axını təmin edəcək.