Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 31 il sonra şəxsiyyəti müəyyənləşdirilən Məzahir Kərimov doğulduğu Xaçmaz rayonunun Usta Cəlilli kəndində dəfn olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin ailə üzvlərinə təqdim edilib.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qeyd edək ki, Məzahir Xalıq oğlu Kərimov 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.