“Eurovision 2013” mahnı yarışmasının Danimarka təmsilçisi Emmelie De Forest “Only Teardrops” mahnısı ətrafında söz-söhbət səngimir.
Kimi sözügedən mahnının plagiat olmasını, kimi isə bununla bağlı müsabiqənin təşkilat komissiyasına ərizə ilə müraciət ediləcəyini vurğulayır.
Xalq artisti, tanınmış bəstəkar Faiq Sücədinov AzNews.az-a açıqlamasında dedi ki, yayılan informasiya həqiqəti əks etdirmir:
“Yalandır. Gic müsəlmanın gic açıqlamasıdır. Müsabiqənin münsiflər heyətində dünya şöhrətli sənətkarlar, musiqiçilər, bəstəkarlar təmsil olunur. Necə olur, bunlar plagiatı hiss etmədi, elə bir gic müsəlman gördü. Bəyəm, beynəlxalq müsabiqədə oturanlar ağılsızdır? Ya çörəyi burunlarına yeyirlər? Ümumiyyətlə, hələ bu günə kimi “Eurovision”un tarixində belə şey olmayıb. Əgər gic müsəlman buna şübhə edirsə, aparsın versin Yasamal Prokurorluğuna. Savadsız adamdırlar, ağızlarına nə gəlir danışırlar”.
Öz növbəsində Vətəninfo.az-a açıqlama verən “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlu Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinovun “Gic müsəlman” sözünə münasibət bildirib:
“İstənilən din, inanc, əqidə haqda ifadələr işlətdikdə ehtiyatlı olmaq lazımdı. Bu, insanların iç dünyası, əqidə məsələsi olduğundan, xüsusi həssaslıq tələb edir. “Gic müsəlman” kimi ifadələr işlətmək ən azından etik baxımdan yolverilməzdir. Üstəlik, 1,5 milyara yaxın dünya müsəlmanının da, müsəlman Azərbaycan xalqının da dini hisslərinə qarşı hörmətsizlik, bir həqarətdir. Mən təəssüf edirəm ki, xalq artisti öz xalqının dini mənsubiyyətini belə aşağılayır və birisini aşağılamaq üçün “müsəlman” sözündən istifadə edir. Zənnimcə, hər bir insan danışdıqda işlətdiyi sözlərə diqqət yetirməli, söz səpələməməlidir. Və düşünürəm ki, bu sözü işlətmiş şəxs bu xətasına görə xalqından üzr istəməlidir. Fikrini açıqlayarkən, düz ifadə seçmədiyinə, yersiz olaraq dini mənsubiyyəti aşağılayacaq ifadəyə yol verdiyinə görə üzrxahlıq etməlidir”.
www.veteninfo.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin