Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xanım Adıgözəlova: "Hamiləlikdə çəki artımı labüd və qaçılmaz bir fizioloji prosesdir"
"Hamiləlikdə çəki artımı labüd və qaçılmaz bir fizioloji prosesdir. Lakin çəkinin artmasının miqdarı hamilənin bədən çəkisinin indeksindən asılı olaraq müxtəlif ola bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"da yayımlanan "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Adıgözəlova bildirib.
Onun sözlərinə görə, bədən çəki indeksi dedikdə bədənin kiloqramla olan çəkisinin boyun metrlə kvadrat nisbətinə bərabərdir:
"Bədən çəki indeksi 18-dən 24.9-a qədər norma hesab olunur və hamilənin hamiləlik müddətində aldığı çəki çox zaman bədən çəki indeksinin miqdarından asılıdır. Belə ki, 18-24 normal bədən çəkili hamilə hesab olunur. Bu hamilələr hamiləlik müddətində maksimal şəkildə 16 kq-a qədər, yəni təxminən 6-16 kiloqrama qədər çəki ala bilərlər. Əgər hamilənin bədən çəki indeksi 18-dən aşağıdırsa, bu hamilələrimizin 11-18 kiloqrama qədər çəki alması normal hesab olunur. Əgər çəki daha çoxdursa, artıq çəki dedikdə biz hamilənin bədən çəki indeksinin 25-dən 29.9-a qədər olan aralığını nəzərdə tuturuq ki, bu hamilələrin maksimal çəki artımı 12-13 kiloqramdan çox olmaması məsləhət görülür".
X.Adıgözəlova qeyd edib ki, piylənməsi olan hamilələrdə isə bədən çəki indeksinin göstəricisi 30-dan yuxarı olur və bu piylənmənin dərəcəsindən asılı olaraq dəyişilir:
"Bədən çəki indeksinin göstəricisinə görə belə hamilələrdə hamiləlik müddəti çəki artımı maksimal 9-10 kiloqramdan çox olmaması məsləhət bilinir. Bu 3-4 kiloqram və ya 9 kiloqram da ola bilər. Amma bundan artıq olmaması tövsiyə edilir. Hamilənin aldığı çəki trimestrlər üzrə də dəyişir. Əsas çəki artımı axırıncı trimestrdə rast gəlinir ki, bu da daha çox dölün özünün çəkisinin sürətli artması ilə əlaqədardır. Hamilə də bu həftələrdə çəkisinin daha çox ağırlaşdığını və çəkinin sürətli artdığını hiss edir".
Mama-ginekoloq bildirib ki, hamilənin sağlam çəki artımı təbii ki, onun qidalanmasından çox asılıdır:
"Biz mama-ginekoloqlar olaraq məsləhət bilirik ki, hamilələr öz rasionunda lifli qidalardan daha çox istifadə etsin, evdə bişirilən yeməklərə üstünlük versinlər, konservantlardan, emal olunan qidalardan, un məmulatları, şirniyyatlardan uzaq dursunlar. Gündəlik maye qəbuluna xüsusi fikir verməklə öz çəkilərini sağlam şəkildə artıra bilərlər. Hamiləlikdə həkim nəzarəti ilə çəki artımının qarşısını almaq üçün müxtəlif pəhrizlər tuta bilərlər ki, bu da sağlam hamiləlikdə, ümumiyyətlə, məsləhət deyil. Yalnız patoloji hallarda, yəni piylənməsi olan hamiləliklərdə biz hamilələrə xüsusi pəhriz yazırıq ki, çəki artımını nəzarətdə saxlayaq. Amma hər halda hamilənin sağlam qidalanması onun çəkisinin də nəzarətdə saxlanılmasında xüsusi rol oynayır. Hamilələr az-az, tez-tez yeməli və təbii qidalara üstünlük verməlidirlər".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
Rəylər