Bu gün Xankəndidə "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ilk günü başa çatıb.
Oxu.Az xəbər verir ki, günün yeganə tədbiri olan "Qarabağ üçün inklüziv, yaşıl və dayanıqlı gələcəyin təşviqi" adlı panel sessiyasına Sultan Hacıyev - Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidəki ofisində, UN-Habitat və UNEP-də daimi nümayəndəsi moderatorluq edib.
Sessiyada Elçin Yusubov, Aydın Kərimov, Marselina Zielinska və Orxan Məmmədov iştirak edərək, azad edilmiş ərazilərin bərpası, şəhər mühitinin inkişafı, mədəni irsin qorunması və sahibkarlığın sosial-iqtisadi dirçəlişdə rolu barədə fikir mübadiləsi aparıblar.
Forum iştirakçıları qeyd ediblər ki, Qarabağın bərpası təkcə fiziki quruculuq deyil, həm də dayanıqlı inkişaf və innovasiyalar əsasında formalaşan yeni həyat modelidir. Sessiyadan sonra qonaqlar Şuşa şəhərinə səfər edərək onun tarixi, mədəniyyəti və müasir şəhərsalma inkişafı ilə tanış olublar.







Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunun (NUFA3) iştirakçılarına Şuşa şəhərində tanıtım turu təşkil olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, forum iştirakçıları şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar.
NUFA3 "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusunda keçirilir.
Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ("UN-Habitat") ilə tərəfdaşlığı çərçivəsində baş tutub. Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak edir.
Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq.
Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq.
Forum çərçivəsində həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.
Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.
Xankəndidə "İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" şüarı altında III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) start götürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, forumda dayanıqlılıq, inklüzivlik, şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılması əsas vurğu kimi çıxış edəcək.
Bundan əlavə, forumda geniş spektrli çağırışlar müzakirə ediləcək. Buraya mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi daxildir.
NUFA3-də milli, regional və yerli hökumətlərin, təşkilatların, icmaların, akademik qurumların, özəl sektorun və digər aidiyyəti tərəfdaşların inteqrasiya olunmuş planlaşdırma, çoxtərəfli əməkdaşlıq və Paris Sazişi, Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrin lokallaşdırılması vasitəsilə iqlimədavamlı və sağlam şəhərlərin yaradılmasına töhfəsi müzakirə olunacaq.
Forumda 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı təmsil olunur. Forum, həmçinin WUF13-ə (Ümumdünya Şəhər İnkişafı Forumu) aparan yolda mühüm hazırlıq mərhələsi kimi çıxış edəcək, davamlı şəhər və regional inkişafın təşviqinə sadiq olan milli və beynəlxalq tərəfdaşlar arasında dialoq və əməkdaşlığa töhfə verəcək, beynəlxalq ən yaxşı təcrübələri nümayiş etdirəcək və yerli fəaliyyətləri stimullaşdıracaq.
NUFA3 öz işini 2025-ci il oktyabrın 17-də Bakıda bir sıra müzakirələrin keçirilməsi ilə başa vuracaq.
Daha çox foto burada: PhotoStock.az