Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.
Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.
Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev öz həmkarları Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygarla ikitərəfli görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.
İkitərəfli görüşlərdə Teymur Musayev Təşkilat çərçivəsində vahid tibb elmi məkanın yaradılması və vahid rəqəmsal səhiyyə standartlarının hazırlanmasının vacibliyini qeyd edib. Transplantologiyanın müasir tibbin ən sürətlə inkişaf edən sahələrindən biri olduğunu vurğulayan nazir, birgə sisteminin yaradılmasına dair imzalanan sənədin önəmini diqqətə çatdırıb.
Öz növbəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri bugünkü iclasın səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Görüşlər zamanı yoluxucu xəstəliklərin qarşısının alınması, əczaçılıq sənayesinin inkişafı və dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə proqram və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Həmçinin, səhiyyə və müalicə turizminin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə də maraq ifadə olunub.
İclas çərçivəsində imzalanan sənədlərin və qəbul edilən qərarların mahiyyətini vurğulayan Təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Türktransplant sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.
Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.
Tədbirdə TDT-nin fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə qurumun yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu deyərək bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: "Bizim də səylərimiz xüsusilə çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib. "Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu"nun imzalanması və "2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı"nın təsdiq edilməsi qərarını alqışlayırıq".
Azərbaycanın səhiyyə naziri Teymur Musayev TDT-nin səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə nazirinin müavini Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Macarıstanın təmsilçisi tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.
Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri həmçinin Azərbaycanın "Türktransplant" sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.
Daha sonra ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.
Tədbir çərçivəsində "Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu" imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar.
Eyni zamanda TDT-yə üzv və müşahidəçi ölkələrinin Səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.
"Report" xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.
Tədbirin sonunda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- Makron Azərbaycandan ala bilmədiyini Mərkəzi Asiyada istəyir: Keçmiş xüsusi nümayəndə iş başında
- Volkan Coşqun: "Bakıya hərbi, kənd təsərrüfatı və tibbi meteorologiya sahələrində dəstək verdik"
- Türk dövlətlərinin ortaq himni hazırlanacaq
Rəylər