"Bu gün dezinformasiyanın və nifrət nitqinin təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun açılış mərasimində deyib.
O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır:
"Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir.
Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər, dezinformasiya, eləcə də ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər hər bir halda qlobal xarakterli təhlükələrə çevrilir.
Hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət ümumbəşəri əhəmiyyətli məqsədlərə xidmət edir.
Dünya nizamının və beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına yönəlmiş ekzistensial təhlükə və təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması ilə bağlı təxirəsalınmaz səylərin və tədbirlərin görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasını mühüm hesab edirik.
Bu baxımdan beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qalır".