Bir neçə gün əvvəl mətbuatda şəkilləri yayımlanan xərçəngdən əziyyət çəkən Azərbaycan ordusunun əsgəri Tural Qasımovun səhhətində heç bir irəliləyiş yoxdur.
Bu barədə açıqlama verən əsgərin əmisi Vəlixan Qasımov bildirib ki, hazırda Turalın durumu çox pisdir:
“Ağ ciyəri fəaliyyətini dayandırıb. Ona süni yolla hava verirlər. Həkimlər də deyir ki, Turalın vəziyyəti olduqca ağırdır”.
Tural Qasımovun həkimi Fuad Zeynalov da “Qafqazinfo”ya açıqlamasında əsgərin vəziyyətinin həqiqətən də ağır olduğunu qeyd edib:
“Əlimizdən gələn hər şeyi etmişik. Bu elə xəstəlikdir ki, evdə də olsaydı tutulardı. Vəziyyəti çox ağırdır, nə lazımdırsa, həkimlər böyük səylə çalışır. Hazırda o, reanimasiyadadır. Lazım olan dərman preparatlarının hamısı ödənilir. Nəzərə alın ki, əsgər Qasımov qan xərçəngindən əziyyət çəkir. Bu çox təhlükəli xəstəlikdir”.
Qeyd edək ki, ötən ilin oktyabr ayından Tovuzdakı N saylı hərbi hissədə xidmət edən Tural Qasımovun bir neçə həftə əvvəl qan xərçəngindən əziyyət çəkdiyi məlum olub. O, hazırda Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda müalicə olunur. Yaxınları Turalın Türkiyə və İsraildə sağalma şansının olduğunu bildirirlər.
www.qafqazinfo.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin