Tərtərin Həsənli kənd sakini Pəri Mehdiyeva kənddə atası ilə yaşayıb. Atası yaşlı olduğundan ona ağır işlərdə qonşuluqda yaşayan Təyyar Ağayev köməklik edib. Pərinin bacısı ailəli olduğundan atası dünyasını dəyişəndən sonra tək yaşamağa başlayıb.
Təyyar Ağayev də evin kişisi dünyasını dəyişəndən sonra ora gedib gəlməkdə davam edib. Qıza gözü düşən 2 uşaq atası Təyyar Pəriyə yaxınlıq etməyi təklif edib.
Bunu eşidən qadın Təyyarı evindən qovub. Bundan sonra qonşular arasında düşmənçilik yaranmağa başlayıb. Təyyar isə qıza “mənim olmayınca səndən əl çəkən deyiləm” deyib. Təyyardan canını qurtara bilməyəcəyini görən Pəri olanları bacısına danışıb.
Bacı da öz növbəsində Təyyarın qardaşlarına deyib ki, “qardaşınızı başa salın ki, öz ailəsi var, bacımdan əl çəksin”. Qardaşlar Təyyarla danışacaqlarına söz veriblər. Lakin söhbətin heç bir nəticəsi olmayıb.
Təyyar Pəridən acıq çıxmaq məqsədi ilə heyvanlarını Pərinin otlaq sahəsində otarıb. Pəri Təyyardan heyvanların onun torpağından çıxarmasını tələb edəndə Təyyar “atan-anan belə-belə olsun, sənin kimin var? Mənə heç nə edə bilməzsən” deyib, heyvanlarını otarmaqda davam edib.
Eşitdiyi söyüşlərdən qəzəblənən Pəri evə girib, atasının sağ ikən gizlətdiyi “Kalaşnikov” tipli avtomatı götürərək sahəyə qayıdarkən yolda Təyyarla rastlaşıb. Təyyara “sən mənim atamı söydün?”, deyə soruşub.
Lakin cavab almadan avtomatın darağında olan 8 gülləni Təyyarın üstünə boşaldıb. Qonşusunu öldürəndən sonra Pəri Mehdiyeva rayon polisinə gələrək könüllü təslim olub.
Tərtər rayon prokurorluğu Pəri Mehdiyevanın əməlini Cinayət Məcəlləsinin 1201.1-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah onun komplekt hissələrini əldəetmə, saxlama, daşınma və ya gəzdirmə) maddələri ilə qiymətləndirib.
İstintaq yekunlaşandan sonra cinayət işi məhkəməyə göndərilib. Məhkəməyə ifadə verən Pəri Təyyarı onun namusuna sataşdığı və söydüyü üçün qətlə yetirdiyini bildirib. Məhkəmədə ziddiyyətlər mərhum Təyyar Ağayevin qardaşları ifadə verəndə başlayıb.
Təyyarın böyük qardaşının sözlərinə görə, Pərinin bacısı ona yaxınlaşaq bildirib ki, Təyyarla Pəri arasında artıq yaxın əlaqə olub və siz gərək Pərini alasınız. Böyük qardaş böyük bacıya söz verib ki, məsələni həll edəcək. Bunu eşidən Pəri hakimlərdən zərərçəkənləri yalan danışdığı üçün cəzalandırılmasını istəyib. And-aman edən Pəri Təyyarın yalnız ona intim əlaqədə olmaq təklifi etdiyin və rədd cavabı aldığını bildirib.
Təyyar da rədd cavabı aldığı üçün onunla prinsip aparıb. Məhkəməyə ifadə verən Təyyarın həyat yoldaşı Pərinin məqsədinin onun ərini əlindən alıb özünkü etmək olduğunu bildirib. Pərinin bacısı Təyyarın qardaşına onun dediyi kimi yox, əksinə qardaşının bacısından uzaq qalmasını xahiş etdiyini bildirib.
Aparılan araşdırmalar zamanı zərərçəkənlərin iddiaları təsdiqini tapmayıb. Yəni Pəri ilə Təyyarın yaxın münasibətdə olması sübut olunmayıb. Bütün tərəfləri dinləyib, sənədləri araşdıran məhkəmə Təyyar Ağayevin Pəri Mehdiyev tərəfindən qətlə yetirilməsini müəyyən edib.
Cinayət Məcəlləsinin 1201.1-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah onun komplekt hissələrini əldəetmə, saxlama, daşınma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinən Pəri Mehdiyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
www.gun.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin