Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir:
"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.
Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.
Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
Pasiyentlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir neçə tibb müəssisəsində sistemin işləməməsindən şikayətçidirlər.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən Bakı şəhər sakinlərinin sözlərinə görə, 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sistemi üç gündür işləmir.
Onlar bildiriblər ki, sistemin işləməməsi səbəbindən qeydiyyat bölməsində sıxlıq yaranır:
"Üç gündür sistem işləmir. İşə arayış təqdim etməliyəm. Hər gün gedirəm, sistem işləmir deyə arayış ala bilmirəm. Buna görə klinikada insan sıxlığı yaranır".
Həmçinin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan da bildirilib ki, qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır:
"Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".