Havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payız fəslində mövsümi qriplərə yoluxmanın ənənəvi hal aldığı hər birimizə məlumdur.
Bir neçə ay ərzində insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. Virusa yoluxanlar xəstəliyi çox ağır şəkildə keçirirlər. Hətta əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bir sözlə, əhali arasında soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklər geniş yayılıb.
Əksəriyyət mövsümi qrip peyvəndi olmadığını bildirir, bəziləri isə, hətta mövsümi peyvənddən xəbərsiz olduqlarını dilə gətirirlər.
Bəs görəsən, xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulurmu? Peyvəndlənmə prosesi ödənişlidirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, mövsümi qrip peyvəndləri hər il vurulmalıdır:
“Mövsümi qrip peyvəndləri adəti üzrə hər il vurulmalıdır. Təxminən oktyabr ayından peyvəndlənmə prosesi başlayır. Risk qrupu hesab olunan şəxslərə, hətta gec olsa belə, yanvar və ya fevral ayında da vurula bilər. Mövsümi peyvənd tez-tez qripə yoluxan şəxslərə tətbiq olunur”.
Həkim qeyd edib ki, hamilə qadınlara da mövsümi peyvəndlənmənin aparılması tövsiyə olunur:
“İmmun sistemi zəif olanların da peyvəndlənməsi tövsiyə olunur. Xroniki xəstəliyi olan insanlar, orqan köçürən xəstələr mütləq şəkildə peyvəndlənməlidirlər.
Qrip peyvəndi mövsümi olduğuna görə, hər il təkrarlanmalıdır. Bu il vurulan peyvənd mütləqdir ki, sonrakı payız mövsümündə də vurulsun. Mövsümi qrip peyvəndi 6 ayın üzərində olub, 5 yaş arası uşaqlara, 50 yaş üzərində olan insanların hamısına tətbiq edilməlidir”.
“Mövsümi qrip peyvəndi xəstəlikdən qorunmaq üçün vacibdir. Heç bir əks göstəricisi yoxdur. Allergiyası olan şəxslərdə ciddi reaksiya olubsa, peyvənd vurulması əks-göstərişdir. Bunun xaricində əks-göstərişi yoxdur”, - deyə V.Əliyev əlavə edib.
Oxu.Az-ın əməkdaşı bir neçə özəl və dövlət xəstəxanası ilə əlaqə saxlayıb.
Dövlət xəstəxanasından verilən məlumata görə, peyvəndlənmə prosesi ödənişsiz şəkildə həyata keçirilir:
“Bir neçə dövlət xəstəxanası peyvəndin, ümumiyyətlə, vurulmadığını desə də, bəziləri ödənişsiz şəkildə peyvəndləmə prosesinin aparıldığını deyib”.
Bir neçə özəl xəstəxana isə mövsümi qrip peyvəndinin vurulmadığını qeyd edib.
Nəzrin Vahid
Rəylər