Mövsüm dəyişiklikləri uşaqların sağlamlığına, immun sisteminə, qidalanma vərdişlərinə və gündəlik fəallığına təsir göstərə bilər. Xüsusilə payız-qış aylarında kəskin respirator virus infeksiyalarının yayılması, məktəb və bağçalarda uşaqlar arasında sıx təmas valideynlərin profilaktik tədbirlərə daha çox diqqət yetirməsini zəruri edir.
Oxu.Az uşaqların mövsümi xəstəliklərdən qorunması, immun sisteminin dəstəklənməsi və sağlam gündəlik rejimin formalaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynovanın müsahibəsini təqdim edir.
- Hər il mövsümlərarası keçiddə uşaqların daha tez-tez xəstələnməsini fəsillərin dəyişməsinə bağlamaq tibbi baxımdan nə dərəcədə doğrudur?
- Mövsümi keçidlər insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, payız/qış və yaz/yay fəsillərinin dəyişməsini nəzərdə tuturlar. Temperaturun kəskin dəyişməsi, soyuğa və ya istiyə uyğunlaşma immun sistemini həddindən artıq yükləyir. Bu da soyuqdəymə və virus xəstəliklərinin artmasına gətirib çıxarır. Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə qarşı daha həssasdır. Günəş işığının artıb-azalması insanlarda sirkad ritmlərini, yəni bioloji saatlar və ya bioritmləri kobud şəkildə pozur, bu da yuxu çatışmazlığına, orqanizm üçün sistemli stresə səbəb olur.
Payız-qış aylarında uşaqlar arasında virus infeksiyalarının artımını birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil. Əsasən bağçayaşlı uşaqlar və məktəblilər arasında bu kimi xəstəliklər daha çox yayılır. Bu da onunla bağlıdır ki, yay fəslində havaların isti keçməsi nəticəsində virusların aktivliyi azalır, həm də bu kateqoriyadan olan uşaqlar tətildə olurlar. Payız fəslində isə virusların aktivliyi artır, eyni zamanda uşaqlar bu aylarda əsasən qapalı məkanlarda və toplaşmış halda olduqlarına görə infeksion xəstəliklərə yoluxma halları artır.
- Neqativ təsirləri minimuma necə endirmək olar?
- Mövsüm keçidlərində gün ərzində hava kəskin dəyişə, səhər soyuq, günorta isti ola bilər. Uşağa bir qalın paltar yerinə, ehtiyac olduqda çıxarıla bilən bir neçə qat nazik və pambıq paltarların geyindirilməsi tövsiyə olunur. Sintetik parçalardan imtina etmək lazımdır. Rasiona C vitamini, sink və antioksidantlarla zəngin olan qida məhsulları, məsələn, sitrus meyvələri, brokkoli, balqabaq, nar daxil etmək vacibdir.
Güclü immunitetin təməli keyfiyyətli yuxudur. Keçid dövründə uşağın hər gün eyni saatda yatmasına və yaş normasına uyğun ən azı 9-11 saat dincəlməsinə diqqət edilməlidir. Havalar soyuduqca, uşaqlar daha az su içirlər. Lakin bədənin viruslarla mübarizə apara bilməsi üçün selikli qişa nəmli qalmalıdır. Bu məqsədlə uşaqlara bol su, təbii şirələr və ilıq şorbalar verilməlidir. Bağça və məktəblərdə virusların yayılmasının qarşısını almaq üçün uşağa əllərini ən azı 20 saniyə sabunla yumaq öyrədilməlidir.
Evin havası hər gün müntəzəm olaraq dəyişdirilməlidir. İstilik sistemləri işə düşdükdə, otağın havası quruyur, bu isə tənəffüs yollarını viruslara qarşı müdafiəsiz qoyur. Otaq rütubəti 40-60% arasında saxlanılmalıdır.
Payız və qış aylarında günəş işığı azaldığı üçün uşaqlarda D vitamininin səviyyəsi yoxlanılmalıdır. Uşaqda halsızlıq və ya burun axması başlayan kimi həkimlə məsləhətləşmədən ona antibiotik və ya güclü immunstimullaşdırıcı preparatlar verməyin. Ümumiyyətlə, valideynlər həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməkdən çəkinməlidir.
- Payız və qış aylarına keçid zamanı uşaqlarda ən çox hansı xəstəliklər kəskinləşir?
- Havaların soyuması, rütubətin artması və uşaqların məktəb, bağça kimi qapalı məkanlarda bir-biri ilə sıx təmasda olması respirator infeksiyaların və xroniki xəstəliklərin kəskinləşməsinə zəmin yaradır. Kəskin respirator virus infeksiyaları (KRVİ), qrip, "mədə qripi" adlandırılan rotavirus infeksiyası, digər respirator xəstəliklərə səbəb olan viruslardan yaranan xəstəliklər, allergik rinit, bronxitin, bronxial astmanın kəskinləşməsi, faringit, tonzillit və s. kimi xəstəliklər müşahidə oluna bilər.
- Mövsüm dəyişikliyi uşaqların qidalanma vərdişlərinə necə təsir göstərir?
- Mövsüm dəyişikliyi uşaqların maddələr mübadiləsinə birbaşa təsir edərək onların qidalanma vərdişlərini əhəmiyyətli dərəcədə dəyişir. Havalar soyuduqca, uşaq orqanizmi daxili hərarəti sabit saxlamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən, payız və qışda uşaqların iştahı təbii olaraq artır. Günəş işığının azalması bədəndə xoşbəxtlik hormonu adlandırılan serotoninin səviyyəsini aşağı salır. Uşaqlar fərqində olmadan bu balansı bərpa etmək üçün un məmulatları, şirniyyat və karbohidratla zəngin qidalara daha çox meyil göstərirlər. Yay aylarında isə daha çox meyvə, dondurma və soyuq mayelərə təlabat olur, soyuq aylarda bədən instinktiv olaraq isti şorbalar, püre və ətli yeməklər tələb edir.
- Fəsil dəyişikliyi uşaqların konsentrasiya qabiliyyətinə necə təsir edir?
- Bu dövrlərdə uşaqların akademik göstəriciləri və diqqətində zəifləmənin əsas səbəbi odur ki, payızda günlər qısalır, uşaqlar dərsin ilk saatlarında yuxulu, halsız olur, müəllimin dediklərinə fokuslanmaqda çətinlik çəkirlər. Digər tərəfdən, havanın tutqun keçməsi uşaqlarda həvəssizlik yaradır. Motivasiyası düşən uşaq dərslərə qarşı marağını itirir, zehni tez yorulur və diqqəti asanlıqla yayınır. Bu fəsildə uşaqlar açıq havada daha az vaxt keçirirlər. Vaxtın çoxu evdə və ya sinif otağında, qapalı mühitdə keçir. Fiziki hərəkətin azalması beyinə qan və oksigen axınını zəiflədir. Bu isə uşaqda zehni süstlük yaradır və uzun müddət bir mövzuya konsentrə olmağı qeyri-mümkün edir.
- Xəstələnmə hallarının azaldılması üçün hansı tövsiyələri verərdiniz?
- Ən yaxşı müalicə profilaktikadır. Hər il Səhiyyə Nazirliyinin təşəbbüsü ilə payız aylarında, yəni sentyabr-oktyabrda uşaqlara mövsümi qrip peyvəndinin vurulması təşkil olunur, bu da qış aylarında xəstələnmə hallarını, həm də yoluxma baş verərsə, sinusit, ensefalit və s. kimi ağırlaşmaların qarşısını alır. Digər xəstəliklərin profilaktikası üçün Milli Peyvənd Təqviminə vaxtında əməl etməklə uşağın bir çox xəstəliklərə qarşı immunitetinin möhkəmləndirilməsi mümkündür. Uşağı xəstəlikdən qorumaq üçün onu evdə "istixana şəraitində" saxlamaq ən böyük səhvlərdəndir. Küləksiz və yağışsız günlərdə, hətta hava soyuq olarsa belə, gündə ən azı 30-40 dəqiqə çöldə gəzinti selikli qişa və immun sisteminin havaya adaptasiyasına kömək edir. Süni immungücləndirici preparatlar əvəzinə təbii profilaktik qidalara üstünlük verilməlidir.
Uşaq bağçadan və ya məktəbdən evə gəldikdə, onun burnunu dəniz suyu tərkibli spreylərlə və ya sadə natrium-xlorid məhlulu ilə yumaq gün ərzində selikli qişaya yapışmış virusları təmizləyir və onların bədənə daxil olmasının qarşısını alır.
Ev daxilində temperaturun 20-22°C-dən yüksək olmaması profilaktikanın əsas şərtidir. Həddindən artıq isti ev havası burun daxilini qurudur və virusların çoxalması üçün ideal mühit yaradır.
Tibbi araşdırmalar göstərir ki, sadə profilaktik qaydalara əməl edən ailələrdə uşaqların mövsümi infeksiyalara yoluxma riski üç dəfə azalır, yoluxma baş verdikdə isə xəstəlik yüngül və fəsadsız keçir.
Uşaqlara ilin istənilən fəslində aydın səma, parlaq günəş arzu edirəm.