Fövqəladə Hallar Nazirliyi Xaçmazda yoxa çıxan 3 balıqçı ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb.
Hazırda onlarla əlaqə kəsilib.
Axtarış ərazisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).
Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.
Qeyd edək ki, xəzər dənizində itkin düşən balıqçıların şəxsiyyəti də məlum olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.
16:00
Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb.
Bir müddətdən sonra isə əlaqə itib.
Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.
E.Ə.
www.oxu.az