Xəzər rayonu, Binə qəsəbəsi, 309 saylı sahədə yaşayan İlyas Babayev yaşadığı ünvandan keçən qaz xəttinin evinə giriş-çıxışa mane olduğunu deyir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, o, qaz xətti yenilənərkən yeri dəyişdirilmədiyindən bu ilin 30 aprelində xəttin evin qapısı üzərindən çəkilməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib.
Qurum bu işi özü həyata keçirmədiyindən müqavilə əsasında əməkdaşlıq etdiyi “Qlobal servis” MMC-yə tapşırıb. Elə hər şey də bundan sonra başlayıb. Həyətyanı sahədəki digər qonşuları kimi qaz xəttini evinin üstündən çəkdirmək istəyən İlyas Babayev adıçəkilən cəmiyyətə üz tutub. Görülən iş müqabilində ondan banka 1250 AZN köçürməsi tələb olunub, üstəlik pulların nəyə və hara xərclənəcəyi deyilməyib.
Məsələdə ittiham olunan “Qlobal servis” MMC-nin texniki şöbəsinin rəisi Nazim Cəbrayılov tələb olunan məbləğdə həm işçilərin əmək haqqının, həm də iş üçün lazımi materialların qiymətinin yer aldığını bildirdi. Onu da əlavə etdi ki, İlyas Babayevə görülən işin smetası göstərilməsə də şifahi olaraq xərclər izah olunub.
Tərəflər hələlik qiymət məsələsində razılığa gələ bilməsələr də problem öz həllini tapa bilər. Çünki adıçəkilən təşkilat vətəndaşa imkanları daxilində yardım edəcəyinə söz verib.