Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xidmət rəisi: "Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb"
"Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb".
Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev "Grand HR" sammitində çıxışı zamanı deyib.
O bildirib ki, artıq kağız daşıyıcılara ehtiyac yoxdur, əmək müqaviləsi Əmək və Məşğulluq altsistemində (ƏMAS) əmək münasibətlərinin hər iki tərəfinin gücləndirilmiş elektron imzası vasitəsilə elektron sənəd formasında imzalandıqda hüquqi qüvvəyə minir: "Sistemdə istənilən növ əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, müvafiq əmrlərin verilməsi üçün interfeys yaradılıb. Bəzi əmrlər məcburidir, bəzi əmrlərin isə elektron uçotu aparılmalıdır".
V.Quliyev qeyd edib ki, son illər sosial sahədə aparılan ardıcıl və genişmiqyaslı islahatlarla dövlət sosial xidmətlərinin rəqəmsal infrastrukturu da qurularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizindən çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan ƏMAS yaradılıb. Əmək kitabçaları da artıq tarixə qovuşur. İşəgötürən istənilən informasiyanı data bazadan, ƏMAS vasitəsilə əldə edə bilər.
Xidmət rəisi əlavə edib ki, qurumun apardığı araşdırmaların 70%-i DOST mərkəzlərində, 10%-i isə elektron qaydada həyata keçirilir:
"Əməyin mühafizəsi xidməti ilə birlikdə böyük layihələrimiz var. Ən vacib işlər isə azad olunan ərazilərdə həyata keçirilir".
O vurğulayıb ki, bu gün ölkədə nümunəvi əməyin mühafizəsi standartlarını tətbiq edən bir sıra şirkətlər var:
"Əməyin mühafizəsi sahəsində milli standartlar üzrə artıq bir standart qəbul olunub və ilin sonuna qədər 100-ə yaxın standartın da qəbulu nəzərdə tutulub".
Məhərrəm Əliyev
Rəylər