Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işləri əlavə təhlükəsizlik tədbirləri görülərək aparılacaq.
Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib.
Söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır. Artıq dayaqlar üçün svay vurma işləri yekunlaşdırılıb və svaylar üzərində müvafiq olaraq monolit dəmir-beton dayaqların inşası işləri aparılır.
Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.