Xırdalan şəhərinin Tofiq Hüseynov küçəsində çoxmərtəbəli binanın yaşayış evlərinə yaxın məsafədə tikilməsi sakinlərin narazılığına səbəb olub.
Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, "Eko Park" MTK tərəfindən inşa olunan 18 mərtəbəli bina onların evləri üçün təhlükə yaradır. Sakinlərin sözlərinə görə, tikinti işləri zamanı təhlükəsizlik qaydalarına və binalar arasındakı ara məsafəsinə əməl edilmir.
"Bina evimizə çox yaxın məsafədə tikilir. Evin arxa hissəsinin uçmaq təhlükəsi var, ön tərəfdə isə çatlar yaranıb", - deyə sakinlərdən biri bildirib.
Ərazidə yaşayan digər vətəndaş isə tikinti işlərinin səhər saat 7-dən axşam saat 8-dək davam etdiyini söyləyib:
"Demək olar ki, həftənin bütün günləri işləyirlər, səs-küy rahatlığımızı pozur".
Vətəndaşlar səkkiz aydır problemlərin aradan qaldırılacağına dair vədlər verildiyini, lakin heç bir tədbir görülmədiyini əlavə ediblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi "Eko Park" MTK-nın mülkiyyətində olan torpaq sahəsidir. Şirkət qanunvericiliyə uyğun olaraq ərazisində hasarlama işləri aparır. Şirkətin tikintiyə aid bütün sərəncamları mövcuddur.