Xırdalanda tikinti şirkətinin fəaliyyəti fərdi yaşayış evinin sahibi üçün təhlükəli vəziyyət yaradıb.
Vətəndaş Eldar Həziyevin sözlərinə görə, "Eko Park" şirkətinin apardığı tikinti işləri nəticəsində onun evinə bitişik hasarın bir hissəsi uçub.
Bildirilib ki, inşa işləri zamanı hasarın üzərinə əlavə edilən daş və beton hissələr uçaraq evin arxa tərəfinə tökülüb.
Hazırda daş və beton parçalarının evin pəncərəsindən içəri düşmə təhlükəsi var. Hadisə nəticəsində ərazidən keçən kanalizasiya xəttinin də zədələndiyi qeyd olunur.
Xatırladaq ki, Baku TV bir neçə ay əvvəl də vətəndaşın şikayəti əsasında həmin ünvanda çəkiliş aparıb.
Eldar Həziyev həmin vaxt tikilən binanın fərdi yaşayış evinə həddindən artıq yaxın olduğunu və aparılan işlərin gələcəkdə hasarın uçmasına səbəb ola biləcəyini bildirmişdi.